Fransa Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkir — ŞƏRH

XARİCİ SİYASƏT 27 iyul 2025, 09:20
“Fransa Milli Assambleyasında irəli sürülmüş növbəti qərəzli və əsassız qətnamə layihəsi bir daha sübut edir ki, müəyyən xarici dairələr, xüsusən də erməni lobbisinin təsiri altında hərəkət edən siyasi mərkəzlər Cənubi Qafqazda sülh və sabitlik prosesinə ciddi şəkildə xələl gətirməyə çalışırlar. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik nümayiş etdirən bu cəhdlər nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan heç bir əsasa söykənmir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

Deputat bildirib ki, qətnamənin məzmununda təqdim olunan təhriflər, reallıqdan uzaq ittihamlar və qərəzli yanaşmalar bir daha göstərir ki, bu təşəbbüs Azərbaycanla Ermənistan arasında irəliləyən sülh danışıqlarına qarşı yönəlmiş məqsədli sabotajdır. Xüsusilə də Əbu-Dabi görüşündən sonra konstruktiv prosesin güclənməsi, regionda müsbət dinamikanın yaranması bəzi dairələri ciddi narahat edir.

“Fransa artıq ölü bir missiyanın, ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə qeyri-obyektiv yanaşma sərgiləyib və sözügedən qətnamə layihəsi də bunlardan biridir. Təbii ki, burada erməni lobbisinin fəaliyyətini də qeyd etmək lazımdır. Bilindiyi kimi, təkcə Fransa Senatında beş erməni əsilli senator fəaliyyət göstərir və həmin şəxslərin ölkənin xarici siyasətinə təsir etmək imkanları olduqca yüksəkdir. Bununla paralel rəsmi Parisin regional dayaq nöqtəsi formalaşdırmaq ambisiyaları da var ki, bölgədə sülh mühitinin yaranması həmin təşəbbüsləri deaktiv edir. Məhz bu kimi səbəblər, növbəti qətnamə şousu bütövlükdə Fransanın Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkdiyini və Azərbaycanın regionda artan rolunu həzm edə bilmədiyini bir daha təsdiqləyir. Bu kampaniya yalnız Azərbaycana qarşı deyil, həm də ədalətə və beynəlxalq hüquqa qarşı aparılan bir kampaniyadır”,- deyə G. Ağamalı vurğulayıb.

O, eyni zamanda, qeyd edib ki, Fransanın bu aqressiv və ikili standartlara əsaslanan yanaşması Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı hüquq mübarizəsinə verdiyi dəstəyə qarşı aqressiv reaksiyadır. Azərbaycanın insan hüquqlarını və milli azadlıq hərəkatlarını müdafiə etməsi heç bir ölkəni narahat etməməlidir. Əksinə bizim yanaşma beynəlxalq hüquqa və dəyərlərə hörmətin təzahürüdür.

Müstəqil siyasəti, güclü dövlətçilik iradəsi və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın bu cür təzyiqə, təxribata və ədalətsizliyə qarşı qətiyyətlə dayanacaq qədər qüdrətlidir. Qəti əminliklə demək olar ki, bu kimi təxribatlar nə ölkəmizin beynəlxalq mövqeyinə, nə də regionda formalaşmaqda olan sülh gündəliyinə xələl gətirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top