Pediatr valideynlərə müraciət etdi: "Bu tip infeksiyalar…"

GÜNDƏM 25 iyul 2025, 18:08
“Son günlər uşaqlar arasında müşahidə olunan qusma, yüksək hərarət, qarın ağrısı, halsızlıq və iştahsızlıq kimi əlamətlər əsasən virus mənşəli mədə-bağırsaq infeksiyaları ilə əlaqələndirilir. Bu tip infeksiyalar yay mövsümündə xüsusilə geniş yayılır. İsti hava şəraitində qidaların tez xarab olması, gigiyena qaydalarına düzgün riayət olunmaması və çirkli suyun istifadəsi infeksiya riskini artırır”.

Bununla bağlı neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlama verib. 

O deyib ki, əksər hallarda bu əlamətlər rotavirus, adenovirus və digər enteroviruslar səbəbilə yaranır:

“Xəstəlik adətən qəfil başlayır və uşaqlar qida qəbulundan imtina edir, bədənlərində ümumi halsızlıq və süstlük müşahidə olunur. Valideynlərə tövsiyə olunur ki, belə hallarda uşaqlara bol maye verilsin və susuzlaşmanın qarşısı alınsın. Qidalanma məcburi olmamalıdır, lakin uşaq az da olsa, maye qəbul etməlidir. Qusma və hərarət davam edərsə, ishal müşahidə olunarsa və ya uşaqda huşun zəifləməsi, sidiyə çıxmama kimi əlamətlər varsa, mütləq pediatra müraciət edilməlidir. Gigiyenaya ciddi riayət etmək, uşaqlara təmiz və düzgün saxlanmış qidalar vermək bu cür infeksiyalardan qorunmanın əsas yoludur”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top