Tramp üçün Zəngəzur dəhlizini önəmli edən səbəblər: ABŞ-ın Cənubi Qafqaz siyasəti məhz Zəngəzur dəhlizi üzərində qurulmağa başlayıb

GÜNDƏM 24 iyul 2025, 18:45
"Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bir biznes adamıdır. Bu səbəbdən o, qlobal və geosiyasi proseslərə ilk növbədə maliyyə-iqtisadi faktorlar, yaxud da həyata keçiriləcək layihələrin gəlir potensialı prizmasından yanaşır. Bu kontekstdə Zəngəzur dəhlizi də olduqca perspektivli layihə hesab olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

"Zəngəzur dəhlizi yalnız bir nəqliyyat-kommunikasiya xətti rolunu oynamır. Bu layihə həm də geosiyasi, geo-iqtisadi və geostrateji xarakter daşıyır. Üstəlik, bu dəhliz Cənubi Qafqazın gələcək taleyini müəyyən edə biləcək qədər mühüm əhəmiyyətə malikdir.

Bu səbəbdən ABŞ-ın prezidenti Donald Tramp da Zəngəzur dəhlizinə maraq göstərir və bu maraq bir neçə istiqaməti əhatə edir. Dəhliz ABŞ-ın Cənubi Qafqazdakı geosiyasi və geostrateji maraqları baxımından olduqca önəmlidir. Eyni zamanda, geo-iqtisadi imkanların da nəzərə alınması Trampın maliyyə yönümlü yanaşması üçün ciddi əsaslar yaradır".

O bildirib ki, ümumilikdə bu faktorlar göstərir ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti məhz Zəngəzur dəhlizi üzərində qurulmağa başlayıb:

"Bu dəhlizə nəzarət hüququnun əldə edilməsi regionda geopolitik iradə nümayiş etdirmək baxımından Vaşinqtona ön planda yer almaq fürsəti verir. Həmçinin bu, ABŞ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən rəqabətdə ABŞ-ın manevr imkanlarını genişləndirə bilər.

Nəticə etibarilə, Zəngəzur dəhlizi bu gün geosiyasi nüfuz savaşının episentrinə çevrilib. O, dünya güclərinin olduqca həssas və strateji əhəmiyyət daşıyan Cənubi Qafqaz uğrunda apardığı mübarizənin əsas mərkəzinə yerləşib".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top