“Jurnalist məxfi məlumatları sensasiya xatirinə yaymamalıdır” — Mütəxəssisdən AÇIQLAMA

SİYASƏT 17 iyul 2025, 14:51

“Müasir texnologiyalar jurnalistlərdən daha böyük mütaliə tələb edir. Müasir texnologiyalara uyğunlaşmaq olar, amma ondan istifadə etmək, ən mühümü isə “Bu amilin çox güclü mənfi təsirindən necə qorunmaq olar?” sualı bugünkü jurnalistikamızın ən ümdə məsələlərindən biridir.”

Bunu Gununsesi.info -ya açıqlamasında KONKRET.az saytının baş redaktoru, Fadil Paşayev yeni dövrdə jurnalistlərin qarşısında duran vəzifələr barədə danışarkən deyib:

“Bəzən belə rəylər çox eşidirəm ki, indi jurnalist işləmək çox asandır. Guya müasir texnologiyalar fəhmi olan istənilən adama imkan verir ki, hər kəs jurnalist ola bilsin. Xeyr, əslində bu, belə deyil. Əksinə, müasir texnologiyalar jurnalistlərdən daha böyük mütaliə tələb edir. 

Gəlin, bu məsələyə konkret toxunaq. Məsələn, dezinformasiya. Bu gün süni intellekt elə bir səviyyədə inkişaf edib ki, yalan məlumatları seçmək üçün yeni nəsil jurnalistikasından böyük bacarıq, intellekt və dövlətçilik əxlaqı tələb edilir.

Bu gün ictimai gözləntilər və informasiya mühitindəki dəyişikliklər də sürətlə bir-birini əvəz edir. Yeni informasiya hücumları, bu sahədə savaşın amansız həddə olması, eləcə də digər amillərin fonunda jurnalistin obyektiv olmaq imkanları azalır. Jurnalist belə bir şəraitdə çalışır ki, informasiya bolluğunda daha operativ olsun. Əksər vaxtlarda bütün bunlar yanlış məlumatların cəmiyyətə ötürülməsinə səbəb olur. Etiraf edək ki, biz də belə yanlışlıqların qurbanı olmuşuq. Bütün dövrlərin bir qızıl qaydası var: Jurnalist qərəzsiz və faktlara əsaslanmalıdır. Yeni dövrdə sosial şəbəkələrdə hər gördüyümüz məlumat isə fakt ola bilməz. Yeni nəsil jurnalistləri də bunu xüsusi anlamalıdırlar ki, jurnalistika ictimai məsuliyyət daşıyır və bu məsuliyyət etika prinsiplərinə söykənməlidir”.

Fadil Paşayev vurğulayıb ki, bugünkü jurnalistikada bu prinsiplər əksər hallarda pozulur:

“Doğrudur, peşəkarlıq öz sözünü deyir. Çox sevindirici haldır ki, Medianın İnkişafı Agentliyi bu sahədə ciddi işlər aparır. Agentliyin layihələri sosial media, xəbər saytları, bloqlar və podkastları geniş şəkildə əhatə edir. Çünki bütün bu sadaladıqlarım müasir jurnalistin fəaliyyət sahəsinə daxildir.

Bu gün media arenasında jurnalistlərin qarşısında daha bir vəzifə durur. Hesab edirəm ki, biz bunun öhdəsindən gəlirik. Belə ki, indiki jurnalistikamız təkcə məlumatı yaymaqla kifayətlənmir, həm də bu məlumatları gündəmə çevirir, ictimai dialoq yarada bilir. Bəzi xəbər saytları, o cümlədən digər informasiya istehsalçıları xəbəri təkcə oxutmaqla deyil, foto, video, infoqrafika kimi vasitələrdən istifadə etməklə cəmiyyətə çatdırır. Amma bu, yetərli deyil. Vizual hekayəçilik bacarıqları hələ çox inkişaf etməlidir.

Çox təəssüflər olsun ki, bu günki mediamızda dərin analitik təhlillərə az rast gəlinir. Belə yazılar, şərhlər auditoriyaya hadisələri daha yaxşı anlamaq və qiymətləndirmək imkanı verir. Amma “Bu məsələlər tamamilə yoxdur” demək ədalətsilik olar. Ara-sıra dərin təhlilli yazılara rast gəlmək olur. Yeni nəsil jurnalistikası da davamlı özünü inkişaf yolunu seçərsə, bu sahə daha da inkişaf edəcək. Bəs bu, necə baş verə bilər? Yeni texnologiyalar və informasiya alətləri durmadan dəyişir. Ona görə də bütün həmkarlarım daimi təlimlərdə iştirak etməlidir. Yenə də Medianın İnkişafı Agentliyinin fəaliyyətinə diqqət çəkmək lazımdır. Biz bu agentliyin imkanlarından geniş istifadə etməliyik. Qurumun layihələrinə iştirak xətrinə qoşulmamalıyıq, müəyyən təşəbbüslərlə də çıxış etməliyik. Bu baxımdan, data jurnalistikası, sosial media analitikası kimi sahələr hələ də öyrənilməlidir”.

Baş redaktor onu da əlavə edib ki, bu gün data jurnalistikası çox vacibdir:

“Bununla bağlı təlimlər hesab edirəm ki, artırılmalıdır. Çünki müvafiq şərhlər, analizlər, məqalələr, məlumatların vizual təhlilini tələb edir. Bunun üçün Excel, Tableau, Google Data Studio və s. proqramlar öyrənilməlidir. Eyni zamanda mediada çalışanların dil bacarıqları, xüsusən də Azərbaycan dilinin qrammatik qaydalarını bilməsi xüsusilə vacibdir. Sadalaqlarımla bərabər, peşəkar jurnalistika mövcud qanunvericiliyi və hüquqi çərçivələri bilməlidir.

Məsələn, əksər vaxt jurnalist məxfi məlumatlara da sahib ola bilər. Sensasiya xatirinə bu məlumatları qətiyyən yaymaq olmaz. Dövlət və ictimai maraqlar xəbər yaymaq prinsiplərində qırmızı xətt olmalıdır. Şəxsi həyatın toxunulmazlığına hörmət hər birimizin borcudur.

Bir məsələni də xüsusi qeyd etməyi özümə borc bilirəm. Dövlətin və cəmiyyətin inkişafı üçün tənqidi jurnalistika prinsipləri qorunmalıdır. Buna təkcə jurnalistlərimiz deyil, aidiyyəti dövlət strukturları da təmkinlə yanaşmalıdır. Bunu bizdən Azərbaycan Prezidenti də tələb edir. Bu sahədə hər bir məsələ barədə daha geniş danışmaq olardı. Hesab edirəm ki, tezis və əsas müddəalara toxunmaqla biz oxucumuza, həmkarlarımıza nəsə çatdıra bildik.

Yeri gəlmişkən, fürsətdən istifadə edib sizin kollektiviniz də başda olmaqla, bütün həmkarlarımı milli mətbuatımızın yaranmasının 150 illiyi münasibəti ilə təbrik edir, hər birinizə çətin və şərəfli yolda tükənməz enerji arzulayıram. Qoy reklamınız və oxucu auditoriyanız daha çox olsun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top