“Heç kim maraqlanmadı…” — Allahverdi Yolçuyev susqunluğunu pozdu

ŞOU-BİZNES 17 iyul 2025, 11:05

Bir zamanlar səhnədə və ekranda milyonların sevimlisinə çevrilən tanınmış aktyor Allahverdi Yolçuyevdən uzun fasilədən sonra xəbər var. Bir il əvvəl parkinson diaqnozu ilə başından əməliyyat olunan sənətçi o gündən bu yana susqunluğunu qoruyurdu.

Bəs indi aktyor haradadır, nə işlə məşğuldur, onu maraqlanan varmı?

Yenisabah.az aktyor Allahverdi Yolçuyev ilə əlaqə saxlayıb, onun hazırki vəziyyəti haqqında məlumat alıb: 

- Allahverdi bəy, necəsiz? Hazırda səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

- Səhhətim hazırda normaldır. Evdəyəm. Heç yerə çıxmıram. Pis deyiləm

- Ötən il əməliyyat olundunuz.  Əməliyyatdan sonra həyatınızda hansı dəyişikliklər baş verdi?

- Dəyişiklik deyəndə, əvvəl sağ əlim əsirdi. İndi sol əlimdə əsmələr başlayıb. Amma ümumi olaraq özümü çox da yaxşı hiss etmirəm. Bir ilə yaxındır ki, əməliyyat olunmuşam. Hər şey Allahın əlindədir.

- Müalicə prosesi davam edir? Hələ də mütəmadi nəzarətdəsiniz?

- Davamlı müalicə yox, həftədə 2 dəfə yoxlanışdan keçirəm. Müəyyən dərmanlar qəbul edirəm. Həyatım beləcə davam edir.

- Hazırda aktyorluq fəaliyyətiniz davam edir? Hər hansı layihəyə qatılmısınızmı?

- Xeyr. Heç bir fəaliyyətim yoxdur. Daha doğrusu, çağırmırlar. Ona görə də gedə bilmirəm. Amma dəvət alsam, qəbul edərəm.

- Teatr və ya kino sahəsində sizi yenidən görəcəyikmi?

- Təkliflər olsa, əlbəttə. Çünki bu xəstəlikdən qurtulmağın əsas yollarından biri də sosiallaşmaq və insan içində olmaqdır. Evdə olduqca insan daha çox özünə qapanır və passivləşir.

- Belə çıxır ki, hazırda heç bir məşğuliyyətiniz yoxdur…

- Bəli passiv həyat tərzim var. Hazırda heç bir işlə məşğul olmuram.

- Gəlir mənbəyiniz nədən ibarətdir?

- Heç bir gəlir yerim yoxdur. Hazırda 336 manat təqaüd alıram və onunla dolanıram.

- Bu çətin dönəmdə həmkarlarınızdan maraqlanan oldumu? Kimlər sizinlə əlaqə saxladı?

- Belə xüsusi bir dəstək olan, kömək göstərən heç kəs yoxdur. 1-2 dəfə zəng vuran, yemək gətirən, geyim alan həmkarlarım olub. Ondan əlavə bir köməyim yoxdur. İnşallah yenidən səhnəyə qayıdaram.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top