Politoloq: "Azərbaycan–Türkiyə–Suriya üçbucağı böyük perspektivlərə malikdir"

GÜNDƏM 15 iyul 2025, 15:14
"Suriyayla əməkdaşlıq Azərbaycanın xarici siyasətində tamamilə yeni bir istiqamətdir. Bunu həm ayrı bir dövlət olmaq baxımından yeni istiqamət, həm də regional baxımdan yeni istiqamət adlandırmaq olar. Suriyayla Azərbaycanın münasibətləri keçmiş diktatura hökumətinin səhvləri və cinayətləri üzündən 12-13 il bundan əvvəl dayanmışdı və ötən ilin axırlarında inqilab nəticəsində hakimiyyətin dəyişməsi iki ölkənin münasibətlərində yeni bir səhifə açdı. Eyni zamanda Suriyanın yaxın və Orta Şərqin, ərəb-İslam dünyasının təmsilçi dövləti olduğuna da xüsusi vurğu etmək istəyirəm".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, Azərbaycanın Qlobal Cənubla, Qərb ölkələri ilə, Şərq ölkələri ilə ümumilikdə strateji bir əməkdaşlıq xətti olsa da, yaxın və Orta Şərq ölkələri son illərin aktuallaşmış geosiyasi məkanıdır:

"Bu nöqteyi-nəzərdən Azərbaycanın Avropa dövlətləri, Şərq ölkələri, Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığı vacibdir. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda yeni bir mərhələ açılıb və bu nöqteyi-nəzərdən ölkəmizin Səlman Şərqinə, yaxın və Orta Şərq ölkələrinə, o cümlədən Suriyaya diqqət ayırması tamamilə yeni bir istiqamətdir".

Onun sözlərinə görə, Azərbaycan Suriyanın quruculuğunda aktiv iştirak etmək potensialına malikdir:

"Suriyanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl olaraq dəstəkləmiş bir ölkə kimi Suriyayla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək imkanlarına malikdir. Ölkəmizin işğal və müharibələr nəticəsində dağılmış əraziləri bərpa etmək təcrübəsi mövcuddur. Azərbaycanın neft-qaz sənayesi sahəsində böyük təcrübəsi var. Suriyanın da nisbətən təbii enerji ehtiyatlarına malik ölkə olduğunu nəzərə alsaq, Azərbaycanın bu sahədəki təcrübəsi onun üçün mənfəətli ola bilər.
Hakimiyyət dəyişikliyindən dərhal sonra Suriyanın böyük ehtiyac hiss etdiyi humanitar yardıma Azərbaycan dərhal qoşuldu. Bir neçə ekspedisiyada yüzlərlə ton humanitar yardım Suriyaya çatdırıldı. Eyni zamanda Azərbaycanın dövlət adamlarından ibarət nümayəndə heyətləri bir neçə dəfə bu ölkəyə səfərlər təşkil edib. Suriyanın prezidenti ilk xarici səfərlərdən biri olaraq Azərbaycana gəlib və Azərbaycanla qarşılıqlı anlaşma şəraitində danışıqlar aparıb. Bu gün Suriyanın müvafiq sektoru ilə Azərbaycan dövlət şirkətləri arasında əməkdaşlıq sazişi xüsusilə önəmlidir və bu, Azərbaycanın qaz ixracı coğrafiyasına Suriyanın adının yazılması yönümündə böyük perspektivlər açır".

Politoloq bildirib ki, Azərbaycan Suriyanı müsəlman və ərəb dünyasının inkişafa yeni başlayan bir ölkəsi kimi qəbul edir:

"Çünki həm siyasi, həm də iqtisadi və quruculuq-bərpa nöqteyi-nəzərdən Suriyada yeni bir mərhələ başlayır. Keçmiş hakimiyyətin cinayətləri üzündən Suriyayla Azərbaycan arasında münasibətlərdə fasilə yaranmışdı. 2012-ci ildə Azərbaycan Suriyayla diplomatik əlaqələri kəsmək məcburiyyətində qaldı. Diktatura hakimiyyəti səhnədən silindikdən sonra təbii olaraq bu əlaqələr yenidən bərpa olundu. Suriya və Azərbaycan bir-birinə yaxşı müttəfiq ola bilərlər. Xüsusilə də qaz və enerji ixracı coğrafiyasının genişləndirilməsində Azərbaycan–Türkiyə–Suriya üçtərəfli əməkdaşlığına xüsusi önəm verirəm. Hesab edirəm ki, enerji coğrafiyasının daha da inkişaf etdirilməsi və genişləndirilməsində bu üçbucağı böyük perspektivlərə malikdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top