“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” — Hacıbəy Heydərli

MEDİA 12 iyul 2025, 16:37
"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir. Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur”. 

Bu sözləri "Report”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:

"Rusiya Jurnalistlər İttifaqı (RJİ) "Sputnik Azərbaycan”ın saxlanılmış əməkdaşlarını "jurnalist” statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur. 

Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar.

Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər: 

"Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.

Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür”.

MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə səs qaldığını bildirib: 

"Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var. 

Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top