"Təkrar sertifikasiyadan keçə bilmədiyi üçün 2300 müəllimin işdən çıxarılması, təhsil sistemində həm insan resursları idarəçiliyi, həm də keyfiyyət təminatı baxımından mühüm nəticələr doğuran prosesdir. Bu rəqəm təkcə statistik göstərici deyil, eyni zamanda illərlə formalaşmış pedaqoji potensialın hansı səviyyədə olduğu və hansı çatışmazlıqların mövcud olduğunu nümayiş etdirir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin ixtisası və peşəkarlıq səviyyəsi dövlət tərəfindən müəyyən olunmuş tələblərə cavab verməlidir:
"Həmin qanunda göstərilir ki, müəllimlər davamlı olaraq öz üzərlərində işləməli, müasir təlim metodlarını mənimsəməli və təhsilin keyfiyyətinin artırılmasına töhfə verməlidirlər. 2021-ci ildən etibarən həyata keçirilən müəllimlərin sertifikasiyası bu tələblərin yoxlanılması məqsədilə tətbiq olunmuş mexanizmdir.
2024-2025-ci illərdə təkrar sertifikasiyaya cəlb olunan müəllimlərin ümumi sayı 6200 nəfər olub. Bu müəllimlər ilkin mərhələdə ya 30 baldan aşağı nəticə göstərmiş, ya da heç imtahanda iştirak etməmiş şəxslər idi. Lakin təkrar imtahanda 2300 nəfərin yenə də keçid balını toplaya bilməməsi problemin fərdi yox, sistematik xarakter daşıdığını göstərir. Bu müəllimlərin böyük əksəriyyəti 45 yaşdan yuxarı yaş qrupuna aiddir. Bu isə onu göstərir ki, yaş artdıqca öyrənmə motivasiyası azalır, eyni zamanda dəyişən təhsil yanaşmalarına adaptasiya çətinləşir".
Ekspert bildirib ki, İqtisadiyyat Nazirliyinin və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, hazırda Azərbaycanda fəaliyyət göstərən müəllimlərin 52 faizi 45 yaşdan yuxarıdır:
"Bu rəqəm demoqrafik baxımdan ciddi siqnal verir: gənc müəllimlərin sistemə axını zəifdir və təcrübəli kadrlar təqaüd yaşına yaxınlaşdıqca onların əvəzlənməsi getdikcə çətinləşir. Sertifikasiya prosesi bu böhranı daha da dərinləşdirə bilər.
Müsbət tərəfdən baxdıqda, bu proses zəif, qeyri-səriştəli və müasir tələblərə cavab verməyən müəllimlərin sistemdən çıxarılması ilə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər. Yəni müəllim olmaq sadəcə peşə deyil, həm də daimi öyrənmə tələb edən bir missiyadır. Bu mexanizm təhsil sistemində məsuliyyət və hesabatlılıq mədəniyyətini təşviq edir.
Lakin mənfi tərəfi odur ki, bu müəllimlərin yerinə eyni sayda və daha yüksək səriştəyə malik yeni kadrların tapılması müşkül məsələyə çevrilir. Xüsusilə bölgə məktəblərində dərslərin boş keçməsi, müxtəlif fənlərin ixtisaslı müəllim olmadan tədrisi halları arta bilər. Digər bir problem isə odur ki, bu müəllimlər arasında imtahan texnologiyasına adaptasiya edə bilməyən, amma praktikada peşəkar olan şəxslər də ola bilər".
Onun sözlərinə görə, dünya təcrübəsində müəllimlərin sertifikasiyası geniş yayılmış bir praktikadır:
"Sinqapurda müəllimlər hər 3 ildən bir peşəkar inkişaf proqramlarına cəlb olunur və performansa əsasən qiymətləndirilirlər. Finlandiyada müəllimlərin yalnız yüksək akademik nəticə göstərmiş məzunlar arasından seçilməsi prinsipi var və onlar müəllim olduqdan sonra da mütəmadi şəkildə pedaqoji və elmi hazırlıq keçirlər. Estoniyada isə müəllimlərin attestasiyası yalnız testlə deyil, dərs müşahidələri, fəaliyyət portfeli və məktəb rəhbərliyinin rəyi əsasında aparılır.
Azərbaycanda isə sertifikasiya yalnız testə əsaslandığı üçün çox zaman müəllimin praktik bacarıqları, sinifdaxili davranışları, pedaqoji münasibətləri qiymətləndirilmir. Bu isə qiymətləndirmənin məhdudluğunu göstərir.
Bütün bu təhlillər fonunda dəyişməli olan əsas məsələlərdən biri sertifikasiyanın formatıdır. Testlə yanaşı, portfel təqdimatı, dərs müşahidəsi, şagirdlər və valideynlərlə ünsiyyət bacarıqlarının qiymətləndirilməsi sistemə daxil edilməlidir. Bundan əlavə, sertifikasiya nəticəsi zəif olan müəllimlər üçün məcburi mentorluq və təkmilləşdirmə proqramları tətbiq olunmalı, onların ani şəkildə sistemdən çıxarılması əvəzinə adaptasiya müddəti tanınmalıdır.
Əgər bu istiqamətdə dəyişikliklər aparılmasa, bir tərəfdən keyfiyyətsiz müəllimlər sistemdə qalmağa davam edəcək, digər tərəfdən isə sırf test texnologiyasını mənimsəyə bilməyən, lakin praktikası güclü olan müəllimlər sistemdən itiriləcək.
Təhsil strategiyası isə keyfiyyətli müəllimi qoruyub saxlayan, onu inkişaf etdirən və sonda daha səriştəli bir təhsil mühiti yaradan mexanizm olmalıdır".
Əfsanə Kamal
Demokrat.az