Deputat: "Sərhədlərin bağlı olması dövlətin təhlükəsizlik sipəridir"

GÜNDƏM 23 iyun 2025, 15:23
"Quru sərhədlərin bağlı olması təbii ki, günün tələblərinə uyğun baş verən bir prosesdir. Quru sərhədlər bağlanıb, amma zaman-zaman humanitar məqsədlər üçün açılır. Son 5 ildə sərhədlər müxtəlif məqsədlərlə, əsasən humanitar səbəblərlə bir neçə dəfə açılıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib. 

Deputat bildirib ki, istəlinən halda, quru sərhədlər bağlıdır və bu, əsasən geosiyasi vəziyyətdəki gərginliklə əlaqədardır:

"Cənab Prezident dəfələrlə bildirib ki, bu addım ölkənin təhlükəsizliyinin təmin olunması baxımından atılıb. Xüsusilə də dünyada gedən geosiyasi proseslər, qonşu dövlətlərdə yaşanan ciddi hadisələr bu qərarı labüd edib.

Rusiya-Ukrayna müharibəsində də gördük ki, səfərbərliklə əlaqədar kütləvi miqrasiyalar oldu və bəzi ölkələr sərhədlərini bağladı. Miqrasiya axınlarının effektiv idarəsi üçün quru sərhədlərin bağlanması zəruri sayılır. Qeyri-qanuni miqrasiyalar humanitar böhran və mütəşəkkil cinayətkar qrupların fəallaşması kimi təhlüklər yaradır".

Onun sözlərinə görə, İran-İsrail gərginliyi də göstərdi ki, bu qərar siyasi baxımdan ölkəni qoruyan önəmli bir addımdır:

"Humanitar məqsədlərlə sərhədlər açılır, amma geniş miqyaslı açılma təhlükəsizlik baxımından risklidir. Bu qərar vətəndaşların hərəkət azadlığını məhdudlaşdırmaq məqsədi daşımır, dövlətin təhlükəsizlik sipəridir.

Azərbaycan dünyanın təcrid olunmuş ölkəsi deyil. Avrasiyanın kəsişməsində yerləşir və beynəlxalq yükdaşımalar, hava yolları ilə miqrasiya davam edir. Yəni, ölkə qapalı deyil, ehtiyaclara uyğun tədbirlər görülür.

Digər ölkələrdə sərhəd açıq görünsə də, daxildə vəziyyət fərqlidir. İnsanlara qarşı daha sərt qaydalar tətbiq edilir. Avropadakı miqrasiya axınları və humanitar böhranlar bunu sübut edir. Belə bir fonda Azərbaycan üçün quru sərhədlərin bağlı qalması dövlət təhlükəsizliyi baxımından olduqca vacibdir.

Nə iqtisadi, nə insan hüquqları aspektindən bu qərarın əleyhinə danışmaq doğru olmaz. Milli təhlükəsizlik, vətəndaşların təhlükəsizliyi prioritetdir və dövlət bu hüququ qorumaq üçün bu addımı atıb.
Pandemiya hələ tam bitməyib, oktyabrın 1-nə qədər karantin rejimi uzadılıb və bu da sərhədlərin açılmamasına səbəbdir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 19:15
Top