“İnsanlar pul verdikləri üçün artıq yeməyi özlərinə borc bilirlər” — AÇIQLAMA

GÜNDƏM 23 iyun 2025, 12:16
2024-cü ildə əhali il ərzində adambaşına 256,3 kq süd və süd məhsulları istehlak edib.  İstehlak miqdarına görə ikinci sırada tərəvəzlər gəlir. Bir azərbaycanlı ildə 140 kq tərəvəz istehlak edib. Bundan başqa əhali adambaşına daha 80 kq kartofdan istifadə edib. Ümumilikdə, cəmi tərəvəzlərin istehlakı 220 kq olub.  Çörək istehlakı da çoxdur. Əhalinin hər bir fərdi ötən il orta hesabla 116 kq çörək yeyib. Adıçəkilən ərzaq mallarından başqa bir adam ildə 79 kq meyvə, 45 kq ət və ətdən hazırlanan məhsullar, 40 kq bostan məhsulları, 26 kq şəkər, 18 kq üzüm istehlak edib.  Ümumilikdə, Azərbaycanda yaşayan fərdlərin illik ərzaq istehlakının miqdarı 851 kq olub. 

Demokrat.az-a qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, son dövrlərdə kompulsiv və ya aqressiv qidalanma tendensiyası cəmiyyətdə ciddi şəkildə artmaqdadır:



“Bu hal, insanların il ərzində ehtiyaclarından çox qida məhsulu istehlak etməsinə səbəb olur. Belə davranışların əsas səbəblərindən biri güclü marketinq strategiyaları və reklamların təsiridir. Məlumdur ki, bəzi şirkətlər tərəfindən həyata keçirilən intensiv reklam kampaniyaları məhsullara süni tələbat yaradır. Bu isə həm qida, həm də geyim sahəsində insanların lazımlı-lazımsız məhsullar almasına gətirib çıxarır. Xüsusilə alış-veriş mədəniyyətində müşahidə olunan bu dəyişikliklər, insanların sadəcə trendə uyğun və ya ucuz olduğu üçün məhsul almasına səbəb olur. Eyni hal qida sahəsinə də aiddir. Cəmiyyətimizdə bolluq anlayışı ilə təqdim edilən yemək süfrələri toylarda, restoranlarda, səhər yeməklərində və ya “fast-food” mərkəzlərində təqdim olunan iri porsiyalar kompulsiv qidalanmanı stimullaşdırır. İnsanlar pul verdikləri üçün artıq yeməyi özlərinə borc bilirlər, bu isə sağlamlıq üçün təhlükə yaradır”.

Ekspert diqqətə çatdırıb ki, bu gün bəzi cəmiyyətlərdə bir nəfərin illik qida istehlakı 800 kilodan yuxarı olur ki, bu da israfçılığın nə qədər ciddi problemə çevrildiyini göstərir:

“Əslində, hər bir insan sağlamlığını qorumaq üçün yalnız lazım olan qədər zülallar, karbohidratlar, vitaminlər və minerallarla zəngin qidaları qəbul etməlidir. Məsələn, göyərti, tərəvəzlər, su və digər təbii məhsullar həm daha sağlam, həm də iqtisadi cəhətdən daha səmərəlidir. Süfrəyə ehtiyacdan artıq məhsul sifariş edib, sonra onu tullantıya çevirmək həm maddi israf, həm də etik baxımdan qəbuledilməzdir. Rasionun balanslı olması üçün hər gün ət məhsulu yemək də zəruri deyil. Həftənin müəyyən günləri toyuq, balıq, digər günlərdə isə bitki mənşəli zülallara üstünlük vermək həm sağlamlıq, həm də iqtisadi baxımdan məqsədəuyğundur. Hətta mümkün olduğu hallarda ət məhsullarına qismən imtina etmək və daha çox təbii, orqanik məhsullara yönəlmək tövsiyə edilə bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top