Yerindən duran forum keçirir, saxta tədbirlər artıb — İlqar Orucov

GÜNDƏM 23 iyun 2025, 12:42
“Ölkəmizdə son illərdə təəssüf ki, bu kimi hallar artıb. Hər yerindən duran konfrans keçirir, forum keçirir. Saxta tədbirlər artıb. Sertifikatlar verilir, insanlar da onu sosial şəbəkələrdə paylaşır, digərləri isə təbriklər yağdırırlar, sanki böyük bir uğurdur. O sertifikat sadəcə iştirakı təsdiq edən kağız parçasından başqa bir şey deyil. Mən çox vaxt görürəm ki, əslində ciddi tədbirlərdə heç sertifikat verilmir”.

Bunu Demokrat.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, valideynlər bu kimi olimpiadalarda iştirakdan əvvəl mütləq araşdırma aparmalıdırlar:



“Sözügedən olimpiada nə dərəcə beynəlxalq statusludur, bunu deyə bilmərəm. Beynəlxalq status o deməkdir ki, tədbirdə, konfransda, forumda, olimpiada və ya yarışda minimum 5 ölkədən iştirakçılar olsun. Azərbaycanda keçirilirsə, ola bilsin azərbaycanlı çox olsun, amma mütləqdir ki, burada xarici ölkələrdən iştirakçılar qatılsın.

Bu, sərt ittihamdır. Təbii ki, valideyn belə bir halla qarşılaşıbsa, bunu ictimailəşdirmək, hətta təşkilatçıları məhkəməyə vermək hüququnu əlində saxlayır. Valideynlər bu məsələlərdə diqqətli olmalıdır. Söhbət bilik olimpiadalarından gedirsə, təşkil edən kimdir, ona baxmaq lazımdır. Peşəkarlıq varmı, sualları kim tərtib edir, statusu nədir? Mütləq araşdırılmalıdır ki, bu kimi xoşagəlməz hallar olmasın. Sən araşdırmırsan, iştirak edirsən, sonra deyirsən ki, saxtadır”.

Xatırladaq ki, “Global Olympiad Center” tərəfindən Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar yayılıb. Bu barədə paylaşım edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün həmin şirkətə 5 min manat ödəniş etdiyini deyib. Ana yarışa onunla bərabər, 200-ə yaxın şagird və valideynin qatıldığını əlavə edib.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top