Milli Qurtuluş Günündən Zəfər tarixinə gedən yol — ŞƏRH

SİYASƏT 14 iyun 2025, 12:58

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamızın həyatında, xalqımızın taleyində elə hadisələr baş verib ki, o günlər heç vaxt unudulmayıb. Həmin tarixi hadisələr müstəqilliyimizin möhkəmləndirilməsində, o cümlədən əbədiyyətə çevrilməsində müstəsna əhəmiyyət kəsb edib. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 1993-cü il 15 iyun Milli Qurtuluş Günüdür. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi xalqımız üçün əsl qurtuluş tarixi kimi yaddaşlara həkk olundu. Bu tarixi yaradan, Azərbaycanı siyasi böhrandan, anarxiya, xaos və məhv olmaqdan xilas edən, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədiyyətə çevrilməsində ömrünün qalan hissəsini də həsr edən, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.


Hüquq müdafiəçisi ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələri xatırladaraq deyib ki, həmin dövrdə Azərbaycan çox mürəkkəb, dözülməz vəziyyətlə üzləşmişdi. Keçmiş SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən respublikamızda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb xarakter almışdı. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş qüvvələrin dövlət idarəçiliyindəki naşılığı və təcrübəsizliyi siyasi böhranı getdikcə dərinləşdirirdi. Mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimiz hər gün uçuruma yaxınlaşırdı. Beynəlxalq aləmdə cərəyan edən siyasi riyakarlıq, açıq şəkildə davam edən ermənipərəst siyasət, eyni zamanda, Azərbaycanın ovaxtkı rəhbərliyinin qorxaqlığı və xəyanətkarlığı torpaqlarımızın hissə-hissə işğalına rəvac verirdi. Digər tərəfdən ölkədə getdikcə geniş vüsət alan silahlı qarşıdurmalar, vəzifə davası, həmçinin respublikamızda qarşıdurmanı daha da qızışdıran xarici qüvvələrin anti-Azərbaycan təbliğatı vəziyyəti daha da ağırlaşdırırdı.

Ç.Qənizadə həmin dövrdə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi böhran, əhalinin gündən-günə ağırlaşan sosial durumu xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac yarandığını bildirib. Deyib ki, cəmiyyətin bütün təbəqələri - ziyalılar, tanınmış siyasətçilər müstəqilliyini yenicə bərpa etmiş respublikamızı düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğu qənaətinə gəlmişdi: “Çünki Ulu Öndərin dövlət idarəçiliyində zəngin təcrübəyə və beynəlxalq aləmdə yüksək nüfuza malik idi. Xalqımız yalnız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini, müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını həll etməyin yeganə yol olduğuna əmin idi.1992-ci ilin oktyabrında ziyalılar böyük inam və ümidlə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

Tanınmış hüquqşünas deyib ki, 1993-cü ilin iyununda respublikada siyasi böhran və özbaşınalıq kulminasiya həddinə çatdı. Ölkədə vətəndaş müharibəsi dərəcəsinə çatmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Xalqın təkidli xahişi və ovaxtkı iqtidarın dəfələrlə müraciətlərindən sonra 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük təhlükələrə baxmayaraq, ölkənin xilas yolu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ensiklopedik biliyi, dərin zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, yüksək natiqlik məharəti, müstəsna idarəçilik istedadı ilə fenomenal şəxsiyyət olimpində qərar tutan dahi şəxsiyyət ömrünü Azərbaycanın gələcəyinə həsr etmiş, onun azadlığı, müstəqilliyi uğrunda inamla mübarizə apardı və ölkədə həyat tədricən öz axarına düşdü.

Ç.Qənizadə deyib ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması, dünya birliyinə inteqrasiyasının, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə həmin təşkilatların üzvü olması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir: “Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək dünyanın inkişaf etmiş qüdrətli dövlətləri sırasına qoşulub. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və üzaqgörən siyasəti sayəsində 2020-ci ilin noyabrında Ermənistan üzərində qazandığımız tarixi Qələbə və 3 il sonra yenilməz Ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edib”.

“Milli Qurtuluşdan başlanan yol Azərbaycanı Zəfər tarixinə çatdırdı. Ulu Öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Qalib dövlətə çevirib, gündən-günə inkişaf etdirir, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır, tarixi zəfərlər qazanır və yeni zirvələr fəth edir”, - deyə tanınmış hüquqşünas bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top