"Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert

GÜNDƏM 12 iyun 2025, 20:36
Bu il ölkədə dərs vəsaitlərinin yenilənməsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb. Elm və Təhsil Nazirliyi məktəbəqədər hazırlıq qruplarından başlayaraq buraxılış siniflərinədək bütün dərs vəsaitlərinin yenilənməsi ilə bağlı işləri başa çatdırıb. Qeyd olunur ki, dərsliklərin çapı və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsindən təxminən 13 milyon manat vəsait ayrılıb.

Bununla bağlı təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlama verib.

O deyib ki, ümumtəhsil məktəblərində dərsliklərin hazırlanması ilə bağlı qaydalar mövcuddur:

“Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli, 67 nömrəli qərarına əsasən, hər bir sinif üçün dərsliklər 4 və ya 5 il müddətinə hazırlanır. Həmin sinif üzrə ölkədə olan bütün şagirdlərin ümumi sayının 105 %-i həcmində dərslik hazırlanır. Həmçinin, hər il əlavə olaraq təxminən 9-10% həcmində dərslik ehtiyatı nəzərdə tutulur. Nazirlər Kabinetinin ayırdığı 13 milyon manat məbləğ isə məhz bu əlavə dərsliklərin çapı ilə bağlıdır. Əslində, dərsliklərin hazırlanması və çapı dövlət büdcəsi üçün böyük vəsait tələb edir. Məsələn, əgər bir sinif üzrə ölkə üzrə 100-130 min şagird təhsil alırsa, bir dərslik təqribən 10 manata başa gəlir və bu da yalnız bir sinif üçün  yarım milyon xərc deməkdir. Yeni dərsliklər əsasən 4 və ya 5 il müddəti başa çatan dərsliklərin yenilənməsi məqsədilə hazırlanır”. 

Ekspert diqqətə çatdırıb ki, dərsliklər təhsil proqramları və kurikulumlar əsasında tərtib olunur:

“Bu proqramlar Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət standartlarına uyğun olmalıdır. Lakin təəssüf ki, dövlət standartları təsdiq edildikdən sonra bəzi fənlər üzrə kurikulumlar yenilənməyib. Yalnız bəzi siniflər və bəzi fənlər üzrə proqramlar yenilənib, digərlərində isə yeniləmə baş verməyib. Bu da dərsliklərin hazırlanmasında uyğunsuzluqlara və mexaniki problemlərə səbəb olur. Yeni dərsliklərin hazırlanması ilə yanaşı, bütün səviyyələr üzrə ibtidai, ümumi orta və tam orta təhsil fənn kurikulumlarının yenilənməsi vacibdir. Əks halda, dərsliklər nə əsasında yazılacaq, sualı ortaya çıxır. Dərsliklər sadə, əlçatan və başa düşülən olmalıdır. Təəssüf ki, bəzi hallarda repetitor müəllimlərin köməyinə ehtiyac yaranır və bu da əlavə problemlər doğurur. Dərslik yazmaq bacarığı bizdə zamanla formalaşır. 5-10 il əvvəlki dərsliklərlə indiki dərsliklər arasında fərq var. Əvvəlki illərlə müqayisədə müəyyən irəliləyişlər olsa da, hələ də qüsurlar qalmaqdadır. Lakin zamanla bu sahədə də keyfiyyətin artacağına ümid edirik”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top