Vətəndaşlar müxtəlif məhsul və xidmətlər üçün əvvəlcədən beh ödəsələr də, bəzən razılaşma baş tutmadıqda pullarını geri almaqda çətinlik çəkirlər.
Bəs hansı hallarda ödənilən beh geri qaytarılmalıdır və qarşı tərəf pulu qaytarmaqdan imtina edərsə, vətəndaş hüquqlarını necə qoruya bilər?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vətəndaş hər hansı məhsulun alınması və ya xidmətin göstərilməsi üçün əvvəlcədən beh ödədikdə, həmin məbləğin geri qaytarılması razılaşmanın pozulma səbəbindən və ödənişin hüquqi mahiyyətindən asılıdır.

Onun sözlərinə görə, Mülki Məcəllənin 491–492-ci maddələrinə əsasən, öhdəliyin icrasına başlanmazdan əvvəl tərəflərin razılığı ilə müqaviləyə xitam verildikdə və ya öhdəliyin icrası mümkün olmadıqda beh geri qaytarılmalıdır:
"Əgər müqavilənin yerinə yetirilməməsində behi alan tərəf təqsirkardırsa, o, behin iki mislini ödəməlidir. Müqavilənin pozulmasında behi verən tərəf təqsirkar olduqda isə, bir qayda olaraq, beh qarşı tərəfdə qalır. Lakin nəzərə alınmalıdır ki, hər bir əvvəlcədən ödəniş beh hesab edilmir. Beh barədə razılaşma qanunla tələb olunan yazılı formada rəsmiləşdirilməyibsə və ya ödənişin beh olması şübhəlidirsə, həmin məbləğ avans kimi qiymətləndirilə bilər. Bu halda pulun qaytarılması müqavilə şərtlərinə və müvafiq qanunvericiliyə əsasən müəyyən edilir. Qarşı tərəf pulu qaytarmaqdan imtina etdikdə, vətəndaş ödəniş qəbzlərini, bank köçürmələrini, yazışmaları və digər sübutları toplayaraq qarşı tərəfə yazılı tələb göndərə bilər. Mübahisə həll olunmadıqda istehlakçı hüquqlarının müdafiəsi üzrə səlahiyyətli dövlət qurumuna müraciət etmək və ya məhkəmədə iddia qaldırmaq mümkündür".


