Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var.
Bəs kimlər pensiyaya daha tez çıxa bilər?
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən insanlar var.

Onun sözlərinə görə, onların sayı təxminən 150-160 min nəfər təşkil edir:
"Bu rəqəm bəzən azalır, bəzən isə artır. Pensiya yaşına çatmadan əmək pensiyası hüququ əldə etmək isə yalnız qanunvericilikdə, konkret olaraq, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsində nəzərdə tutulan şəxslərə aiddir.
Bunlar kimlərdir? Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə zərərli iş yerlərində kişilər 12 il 6 aydan çox, qadınlar isə 10 il işlədikdə, beş il daha tez, yəni 60 yaşından əmək pensiyasına çıxa bilərlər. Eyni zamanda, beş və daha çox uşağı olan, yaxud ailəsində əlilliyi olan uşağı olan qadınlar da beş il daha tez əmək pensiyasına çıxa bilərlər. Bundan başqa, hüquq-mühafizə orqanlarında, orduda və digər müvafiq sahələrdə çalışan şəxslər də qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun sığorta stajı topladıqda güzəştli şərtlərlə vaxtından əvvəl əmək pensiyasına çıxa bilərlər.
Hazırda "Əmək pensiyaları haqqında" Qanuna yenidən dəyişikliklər edilir. Bu dəyişikliklərdən sonra mövcud mexanizm bir qədər dəyişə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vəziyyət belədir. Sığorta kapitalının kifayət qədər olması və ya 25 illik sığorta stajının mövcudluğu öz-özlüyündə vətəndaşa 65 yaşına çatmadan pensiyaya çıxmaq hüququ vermir. Hətta onun pensiya kapitalı tələb olunan məbləğdən çox olsa və 25 il sığorta stajı olsa belə, 65 yaşına çatmadan əmək pensiyası almaq hüququ əldə etmir. Yalnız Qanunun 9-cu maddəsində göstərilən, sadaladığım və sadalamadığım müvafiq kateqoriyalara aid şəxslər istisna təşkil edir".


