Yeni QƏRAR: Yaşayış olmayan evlərdən kommunal ödənişlər alınacaq — AÇIQLAMA

GÜNDƏM 11 iyun 2025, 15:45
"Azərbaycanda sabit tarif təklifi tamamilə mənasız və absurddur. Bu qərara niyə gəldiklərini anlaya bilmirəm. Biz işıq və qazda limitlərin ləğv edilməsini gözləyirdik. Çox güman ki, limitlər ləğv ediləcək, amma müxtəlif tarif paketləri əlavə ediləcək. Bütün bunlar qiymət artımına səbəb olacaq".

Bu sözləri Demokrat.az-a açqılamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, təklif olunur ki, dövlət şirkətinin kommunal xidmətləri mənzilə qədər çəkilməsinə xərclənən vəsaiti vətəndaş evdə yaşamasa belə sabit tariflə ödəməlidir:

"Bu tarifin nə qədər olacağı bəlli olmasa da, istifadə etmədiyi halda vətəndaş aylıq vəsait ödəyəcək. Həmin infrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır. Biz hər birimiz vətəndaş olaraq büdcədə vergilərimizlə pay sahibiyik. 

Həmin kommunal infrakstruktur bizim vergilərimiz hesabına çəkilir. Biz istehlakçı olaraq keyfiyyətli xidmət almaq istəyirik. Buna görə də dövlət və ya özəl olmasının fərqi yoxdur. Problem odur ki, alternativimiz yoxdur".

Natiq Cəfərli qeyd edib ki, təbii inhisarçılar tarifi istədikləri qədər artıra bilirlər və biz alternativ olmadığı üçün başqa təchizatçıya müraciət edə bilmirik:

"Təklif olunan məntiqə əsasən, bizneslə məşğul olanlar da belə etməlidir. Mağaza sahibi heç nə almadan çıxan müştərinin qarşısını kəsib, pul almalıdır ki, sahibkar kimi mağazaya xərc çəkib. Bu yanaşma çox məntiqsizdir. Güman edirəm ki, təklif keçməcəyək".

Qeyd edək ki, energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top