16 yaşlı oğlan adam bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 10 iyun 2025, 19:49
Bakının Suraxanı rayonunda 2009-cu il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Mehmana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 7-də  Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Bakı şəhər sakini Elvin həmin gün saat 23:30-da bıçaqla Mehmanın qarın nahiyəsindən bir zərbə vurub. 

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin  126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma)  və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 7-də, saat 23:30-da  dostları Əli və Rəvan ilə birlikdə Hövsan qəsəbəsində yerləşən “Bakhous” restoranında çay içib və evə getmək üçün restorandan çıxıblar: “Rəvanı evinə ötürmək üçün Şabanov küçəsində yerləşən Mehmanın evinin qarşısında mən və Əli Rəvanla sağollaşarkən Rəvan nalayiq ifadə işlədərək qaçaraq bizdən uzaqlaşdı. Həmin vaxt Mehman həyətdən kənara çıxdı və məni yaxına çağıraraq nə üçün söyüş söydüyümü soruşdu. Mən isə söyüş söymədiyimi, söyüş söyən şəxsin qaçdığını bildirdim və daha sonra Mehmana həmin uşağın yerinə üzr istədiyimi dedim. Həmin vaxt Mehman sağ əli ilə sifətimə bir şillə vurdu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Mehman başı ilə onun burun nahiyəsinə bir kəllə vurub: “Mənim burnumdan qan açıldı. Əli ilə oradan uzaqlaşdıq. Sonra isə mən və Əli avtobusların sonuncu dayanacağı tərəfə getdik. Orada bir neçə dəqiqə söhbət etdik. Mən əsəbləşib orada yerdə olan bıçağı götürdüm və şalvarımın sol arxa cibinə qoyaraq Mehmanla üzrxahlıq etmək üçün onun yaşadığı evin qarşısına gəldik. Mən qapını döydüm, Mehman küçəyə çıxdı. Mən Mehmana bir dəqiqə gəlməsini dedim. Bundan sonra Mehmana normal söhbət edə biləcəyimizi, nə üçün mənə əl-qol atdığını soruşdum. Mehman isə yaxşı etdiyini, qapısının qarşısında söyüş söydüyümü dedi. Söyüşü mənim söymədiyimi, başqa uşağın söydüyünü dedim. Mehman mənə küçəyə çıxmasaydı, qaçacağımızı dedi. Mən də qaçmaq istəmədiyimizi, söyüş söyən uşağın ardınca qaçdığımı bildirdim”. 

Elvinin ifadəsinə görə, daha sonra Mehman ondan burada nə gəzdiyini soruşub: “Mən də uşağı yola saldığımı dedim. Sonra isə Mehman Əlidən harada yaşadığını soruşdu. Əli də “pekarni”də qaldığını, uşağı yola salmaq üçün gəldiyini dedi. Bundan sonra Mehman mənə “razborka” etməyə gəldiyimi soruşdu. Mən də normal danışa biləcəyimizi dedim. Bundan sonra Mehman mənə bir daha bizi buralarda görməməyi dedi. Əli isə bizə heç kimin qadağa qoya bilməyəcəyini dedi. Bundan sonra aramızda mübahisə yarandı. Mehman məni ara küçəyə çəkərək sifətimin sol tərəfinə bir şillə vurdu, məni döymək istədikdə bıçağı sol əlim ilə cibimdən çıxardım və Mehmanın qarın nahiyəsinə bir zərbə vurdum. Daha sonra oradan uzaqlaşaraq getdim. Mən heç kimə, eləcə də, ailə üzvlərimə bu barədə bildirmədim Hadisə barədə mən və Əli bilib, başqa heç kim bilməyib. Hadisə vaxtı Əli kənarda dayanıb və bizə baxıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvinin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilib. 

Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 iyun 2025, 23:50
Top