Lənkəranda 40 yaşlı kişi sevgilisini öldürməklə hədələdi, həbs edildi

HADİSƏ 11 iyun 2025, 13:55
Lənkəranda 1985-ci il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu Sənəmə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri, Həzi Aslanov küçəsində, “Dosa” adlı parkın yaxınlığında baş verib. 

Lənkəran sakini Namiq küçədə olan zaman həmin vaxt Sənəmin piyada hərəkətdə olduğunu görüb. Bu zaman ona yaxınlaşıb və aralarında mübahisə baş verib. 

Şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Sənəmin burun, habelə baş və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Sənəmi təqribən hadisədən 3 ay əvvəl tanıyıb: 

“Bizim əvvəllər nikahdan kənar sevgi münasibətlərimiz olub. Son 1 aydır ki, onunla münasibətlərimiz yaxşı deyil. Hadisə günü, saat təqribən 13 radələrində “Dosa” adlı parkın yaxınlığında Sənəmin piyada hərəkətdə olarkən gördüm. Onu təqib edərək yaxınlaşdım. Sənəmə niyə mobil telefonuna qadağan etdiyi tətbiqi yüklədiyi üçün irad bildirdim və mobil telefonla yüngül formadan onun başına vurdum. Onun burnuna isə yüngül toxundum. Sonra əsəblərim sakitləşdiyi üçün hadisə yerindən uzaqlaşdım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sənəmin sözlərinə görə, məlum hadisə günü saat təqribən 13  “Dosa” adlı parkın yaxınlığında piyada hərəkətdə olduğu  zaman Namiqlə rastlaşıb: 

“Namiq mənə yaxınlaşaraq guya onun arxasınca danışmağımda məni günahlandırdı, irad bildirdi. Mənim və anamın ünvanına nalayiq ifadələr  işlətdi. Etirazımı bildirdikdə sağ əli ilə burun nahiyəmə yumruq zərbəsi vurdu. Qaçmağa çalışdıqda isə baş və bədənimin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri endirdi. Namiq məni döydükdən sonra hadisə yerindən uzaqlaşdı. Barəsində həmin gün polis şöbəsinə şikayət etmədim”. 

Zərərçəkmiş qeyd edib ki, növbəti gün saat təqribən 12 radələrində Namiq səbəbsiz yerə istifadəsində olan mobil nömrəyə zəng edib və onu öldürməklə hədələyib: 

“Məni və anamın ünvanına nalayiq ifadələr səsləndirdi. Hazırda da Namiq məni təhdid edir, onun azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edirəm”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Namiq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Namiqin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından həbs edilib. 

Qeyd edək ki, Namiq bundan əvvəl də məhkum olunub. 

O, Lənkəran Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

O, 2024-cü ildə vaxtından əvvəl cəzadan şərti azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top