Medinskinin sərsəm açıqlamasına Zaxarovadan REAKSİYA — "Qarabağ Azərbaycandır"

DÜNYA 10 iyun 2025, 13:51
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə verdiyi şərhdə Putinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı dediklərinin kontekstdən çıxarılmaması və onların tamamilə fərqli məna ilə təqdim olunmaması barədə çağırış edib.
 
Demokrat.az  xəbər verir ki, Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası rəsmi şəkildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, ölkənin rəsmi mövqeyidir.

Onun sözlərinə görə, Medinski Qarabağla bağlı çıxışında tarixi aspektlərə və bölgənin sosial-mədəni xüsusiyyətlərinə toxunub, lakin bu sözlərin siyasi və hüquqi nəticələrə heç bir aidiyyəti yoxdur.

Zaxarova qeyd edib ki, sözlərin məzmunu təhrif olunmamalı, deyilən kontekstdə başa düşülməlidir.

Qeyd edək ki, bu açıqlama Rusiya rəsmilərinin müxtəlif səviyyələrdə verdiyi bir-birindən fərqli bəyanatlara aydınlıq gətirməyə yönəlib. Moskvanın rəsmi diplomatik mövqeyi ilə bəzi ekspert və siyasi fiqurların çıxışları arasında ziddiyyət müşahidə olunduqda, bu cür düzəlişlər Rusiya XİN tərəfindən tez-tez səsləndirilir.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski bir müddət əvvəl Qarabağla bağlı reallıqdan uzaq və provokativ açıqlama verib.

O, 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edib, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edib.

Bu fikirlər tarixi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirilib və Azərbaycanın sərt reaksiyasına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top