“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

DAXİLİ SİYASƏT 08 iyun 2025, 19:36
3 gün öncə partiya sədrləri, media nümayəndələri, QHT sektorunun bir sıra təmsilçiləri ilə bərabər Cəbrayıl və Zəngilana səfərimiz oldu.

İkinci dəfə gedirdik, həmin istiqamətə. Və... Bu gedişdə - tam səmimi sözümdür - tanıya bilmədim oraları. İlk təəssürat və müşahidələrimdən əsər-əlamət qalmamışdı. Dəyişiklik, fərqlilik, yenilik, inkişaf o həddə idi ki, başqa yerə istiqamətlənmədiyimizə əmin olmaq üçün hətta arada “Waze”i yandırırdım.

Yolüstü bizə “mina partlayışı” nümayiş etdirdilər. Zalım ermənidən “yadigar” qalan minalardan birinin partlayışını.

Bu ölüm alətinin necə vahiməli, vəhşət saçan bir şey olduğunu sadəcə gözlə görmək lazımdır...

Təsəvvür edin, partlayış təxminən 300 metr aralıqda icra olunur. Fəqət, həmin məsafədən belə dayandığın yeri titrədir və bir anlıq adama elə gəlir, minanın üzərinə çıxan da, partlayan da, uçan da, dağılan da sən özünsən.

Və dərhal, qeyri-ixtiyari, intuitiv düşünürsən ki, gör onun qurbanı olanlar nələr çəkiblər və hansı əzabla, məşəqqətlə dünyadan köçüblər.

Xüsusi sahə mövcuddur - minatəmizləyən qardaşımız bizi ora buraxmır - təhlükəli zona olduğu üçün. Üstəlik, yanımızdan da bir addım aralanmır.

Üzünə baxıram. Qəribə gərginlik var. Danışır, amma fikri başqa yerdədir. Söz soruşuram, abstrakt cavablandırır. Sanki beynində nəyisə düzür-qoşur, vurur-çıxır...

Necə gərgin olmasın? Aylardır, bəlkə də illərdir, hər saniyəsi riskdir, gözünün qarşısında nə qədər iş yoldaşı, həmkarı həmin minanın badına gedib və iraq olsun, ani bir diqqətsizlik onu da ailəsindən, övladından ayıra bilər...

***

Yol alırıq Cəbrayıla...Çatırıq.

Viran qoyulmuş evlərin yerində indi əzəmətli komplekslər ucalır.

Bu dəfə bizi soyuq daşlar deyil, sakinlər qarşılayır...

30 ildən sonra ilk dəfə insan nəfəsi, qoxusu görüb, Cəbrayıl!

Eynən bizimtək şokdadır, Cəbrayıl. Vallah-billah şokdadır ki, nə baş verir?! Necə baş verir?

***

Zəngilanda isə ən çox yadımda qalan məscid oldu. Əsas da axundun təqdimat zamanı söylədiyi sözlər:

“Vaxtilə burada yaramaz ermənilər donuz saxlayıblar. Qəsdən! Kənarda yüz yer varkən. Elə bilirdilər, sona qədər belə olacaq. Amma olmadı. İlim-ilim itdilər. Üstəlik, başları donuzlarını da özləri ilə götürməyə necə qarışdısa, papaqlarını götürmək yadlarından çıxdı.”

Getdiyimiz gün Sərdar Cəlaloğlunun doğum tarixinə təsadüf etmişdi. Adamın niyyəti varmış, yoxsa nə, bilmirəm, amma ünvana çatan kimi avtobusdan ilk düşən və məscidə doğru tələm-tələsik yürüyən də məhz Sərdar bəy oldu. Tez dəstəmaz alıb, namazını qıldı.

Qayıdanda elə xoşbəxt idi ki... Mən onu heç zaman belə görməmişdim.

***

Hərdən bizi “avtobus müxalifəti” - filan adlandırıb, məsxərəyə qoyanlar var ha... Bax, həmin canişinlərin diqqət və nəzərinə bəzi məqamları növbəti dəfə çatdırmağı özümə borc bilirəm. Ki, gecindən də olsa anlasınlar, dərk etsinlər və yekə qulaqlarından sırğa kimi sallasınlar;

Bu həyatın ən böyük gözəlliyi, adrenalini, ləzzəti elə həmin avtobusdadır!

Bu dünyanın gəlib keçmiş ən gözəl mənzərəsi, ən gözəl tablosu o avtobusdan seyr ediləndir!

Bu ölkənin ən qiymətli, ən dəyərli, ən doğma avtobusu üzü Qarabağa doğru yön alan, ünvanlanan avtobusdur!

Siz Qarabağa getməkdən utanın, biz isə erməninin əkiz tayı olan qaragüruhdan və kitabsızlardan!

Siz Novxanıda Avropa Birliyinin bayrağını qaldırın, biz isə Şuşada üçrəngli bayrağımızı.

Siz qeybətinizə sadiq qalın, biz isə qeyrətimizə.

Siz “Slava Ukrayna” deyib qışqırın, biz isə “Qarabağ Azərbaycandır!”

Siz Makrona, Paşinyana, Şvabeyə azarkeşlik edin, bizə isə Müzəffər liderimizin silsilə qələbələrinə.

Siz - şərəf və namus deyərkən Leyla Yunusları, Sevinc Osmanqızıları, Tural Sadıqlıları, Məhəmməd Mirzəliləri xatırlayın, biz isə canı və qanı bahasına əzəli torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəmanları.


Nəhayət;

Siz Vətən satanlardan yana olun, biz isə... Vətən qoruyanlardan!

Zatən fərqimiz də budur.

Və əmin olun, bu fərq... Ən az Marian çökəkliyi ilə Everest arasındakı məsafə qədərdir...


Elşən Musayev,
Demokratik Maarifçilik Partyasının sədri, Milli Məclisin deputatı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 00:27
Top