Bakı Limanı ilə Çinin Quandun əyalətinin limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib — FOTOLAR

SOSİAL 07 iyun 2025, 15:53
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çinin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bakı Limanı və Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.

ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.

Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialını və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.

Qeyd edək ki, hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 21:02
07 iyun 2025, 19:40
Top