"ChatGPT" bu funksiyanı hamı üçün aktivləşdirdi

SOSİAL MEDİA 04 iyun 2025, 23:57
"ChatGPT"nin yaddaş funksiyası artıq pulsuz istifadəçilər üçün də əlçatandır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "OpenAI" şirkəti "ChatGPT"nin yaddaş funksiyasının artıq yalnız ödənişli abunəçilərlə məhdudlaşmayacaq. Yeni dəyişikliklərlə birlikdə süni intellekt əsaslı çat-bot artıq pulsuz istifadəçilərlə apardığı əvvəlki yazışmaları da nəzərə alaraq cavablarını formalaşdıracaq.

Belə ki, "ChatGPT"nin yaddaş sistemində edilən son yeniliklər sayəsində indi istifadəçilərin adlarından tutmuş, onlardan gələn müxtəlif məsləhət istəklərinə qədər daha çox məlumatı analiz edib istifadə etmək imkanı qazanıb. Bu isə süni intellektin fərdi ehtiyaclara uyğunlaşmasına şərait yaradır.

İstər texniki problemlərin həllində, istərsə də virtual dostluq məqsədilə istifadə edilsin, "ChatGPT" artıq istifadəçilərin əvvəlki mesajlarına əsaslanaraq daha uyğun və şəxsi cavablar verə biləcək. Şirkət bu funksiyanı ödənişli planlarda mövcud olan funksionallığın bir qədər sadələşdirilmiş versiyası – "soft" yaddaş kimi təqdim edir.

Hazırda yadda saxlanacaq məlumatların həcmi və emal ediləcək “jeton”ların dəqiq sayı açıqlanmasa da, məlum olan odur ki, "ChatGPT"nin pulsuz versiyası da artıq daha fərdiləşdirilmiş təcrübə təqdim edə biləcək. Bu da onu digər süni intellekt çat-botları arasında daha cəlbedici və üstün mövqeyə çıxara bilər.

Qeyd edək ki, istifadəçilərə yaddaş funksiyasını deaktiv etmək imkanı da təqdim olunur. Bunun üçün parametrlər menyusuna daxil olub fərdiləşdirmə bölməsindən müvafiq seçim edilməlidir. Lakin yadda saxlama xüsusiyyəti deaktiv edildikdən sonra belə toplanmış məlumatlar avtomatik olaraq silinmir. Həmin məlumatları silmək üçün ya müvafiq mesaj silinməli, ya da "ChatGPT"yə bu yaddaşı unutması xüsusi olaraq bildirilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top