“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib — VİDEO/FOTOLAR

SOSİAL 04 iyun 2025, 18:37
Tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Demokrat.az-a bildirilib ki, qurumun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin sosial müdafiə siyasətinin prioritetlərindən biri məhz bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Birinci vitse-prezident Mehriban Əliyeva isə məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşaraq onlara təsirli dəstək göstərir.

F.Hüseynov vurğulayıb ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb olunub. Onlara müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirakları üçün geniş imkanlar yaradılıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış geniş vüsət alıb, minlərlə məcburi köçkün ailəsi doğma yurda geri dönərək yeni həyata başlayıb.

Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub. Geri qayıdanların və qayıdışa hazırlaşanların iqtisadi fəaliyyətinin dəstəklənməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi və sərgi, satış-yarmarkaların işğaldan azad olunmuş ərazilərdə təşkili planlaşdırılır.

Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, eləcə də tədbirə dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər. Belə tədbirlərin əhəmiyyəti qeyd edilərək, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda tədbirin xüsusi qonaqlarına təşəkkürnamələr təqdim olunub. Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilərək məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparılıb.
























 

 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top