Dünyanı bürüyən xəstəlik: Hər 11 nəfərdən biri...

GÜNDƏM 03 iyun 2025, 16:04
2024-cü ildə Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 33 533 nəfər qeydə alınıb. Dövlət Statistika Komitəsindən məlumat verilib ki, onlardan 1 134 nəfəri insulindən asılı olan, 32 399 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstəsidir.Məlumata görə, ötən il ölkə üzrə tibb müəssisələrində ümumilikdə 423 523 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatda olub. Onlardan 39 211 nəfəri insulindən asılı olan, 384 312 nəfəri isə insulindən asılı olmayan xəstə kimi qeydə alınıb. Qeyd edək ki, 2023-cü ildə ölkədə ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 30 500 nəfər qeydə alınmışdı.

Endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a açıqlamasında deyib ki,  şəkərli diabet xəstəliyi özü qədər onun yaratdığı ağırlaşmalar da olduqca təhlükəlidir:

“Belə ki, bu xəstəlik ürək-damar problemləri, insult, böyrək çatışmazlığı, gözün zəifləməsi və hətta korluq, eləcə də amputasiya ilə nəticələnə biləcək vəziyyətlərə səbəb ola bilər. Şəkərli diabet əslində mübadilə xəstəliyi kimi başlayır, lakin zamanla damar sistemini zədələyən ciddi bir xəstəliyə çevrilir. Diabet xəstələrində ürək-damar xəstəlikləri riski 3-3.5 dəfə, insult riski isə 2 dəfə çox olur. Bu səbəbdən xəstəliyin erkən diaqnostikası və düzgün idarə olunması son dərəcə vacibdir. Bir çox hallarda xəstələr illərlə diabetlə yaşadıqlarını bilmirlər və yalnız ağırlaşmalar yarandıqda həkimə müraciət edirlər. Qlükozlaşdırılmış hemoglobin səviyyəsi 6.5-7 aralığında olmalıdır. Arterial təzyiq130/80 mm civə sütunundan artıq olmamalıdır.  Həftədə ən azı 150 dəqiqə, gündə 30 dəqiqə piyada gəzinti tövsiyə olunur. Sadə şəkərlərdən, qazlı və şirin içkilərdən, xəmirdən, artıq miqdarda meyvədən uzaq durmaq, bol tərəvəz istehlak etmək tövsiyə olunur”.

Həkim əlavə edib ki, axşam yeməyi yatmazdan ən azı 3 saat əvvəl qəbul edilməli, ümumiyyətlə, pəhriz balanslı və fərdi yanaşmaya əsaslanmalıdır:



“Son illərdə Azərbaycanda və bütün dünyada şəkərli diabet xəstələrinin sayı artmaqdadır. Dünya statistikasına əsasən, hal-hazırda dünyada 430 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Növbəti 10 ildə bu sayın 650 milyona çatacağı proqnozlaşdırılır. Hər 11 nəfərdən biri artıq şəkərli diabet xəstəsidir. Diabet bəzən açıq əlamətlərlə özünü göstərmir. Klassik simptomlar — çox su içmək, tez-tez sidiyə çıxmaq  və artmış iştaha ilə yanaşı, halsızlıq, tez yorulma, görmədə bulanıqlıq, dəri infeksiyaları və yuxululuq da müşahidə edilə bilər. Maraqlısı budur ki, bu simptomlar xəstələrin yalnız 50 %-ində özünü büruzə verir. Diaqnoz üçün təkcə ac qarına şəkər analizi kifayət deyil. Qida qəbulundan sonrakı şəkər dəyərləri və 3 aylıq glikohemoglobin testi daha dəqiq nəticə verir. Xüsusilə ailəsində diabet olan şəxslərin mütəmadi yoxlanması tövsiyə olunur. Xəstəliyin əsas səbəbləri arasında artıq çəki, yüksək kalorili qidalanma, fiziki hərəkətsizlik və bağırsaq mikroflorasının pozulması göstərilir. Genetik faktorun da rolu böyükdür əgər ailədə diabet xəstəsi varsa, risk 90 %-ə qədər yüksələ bilər. Bundan əlavə, bəzi digər xəstəliklər və dərmanların qəbulu da diabet riskini artırır. Hamiləlik dövründə rast gəlinən diabet və doğulan körpənin çəkisinin yüksək olması da gələcəkdə bu xəstəliyin yaranma ehtimalını artırır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 11:28
05 iyun 2025, 10:29
Top