“MEDİAFEST-2025”: Naxçıvanda “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu müzakirə olunub — FOTOLAR

MEDİA 30 may 2025, 19:19
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” çərçivəsində “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusunda panel müzakirə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa Aslanın moderatorluğu ilə baş tutan paneldə AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev, Mətbuat Şurasının İdarə heyətinin üzvü Elşad Eyvazlı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşüb, dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Bildirilib ki, bu gün əksər hallarda dezinformasiya və “fake news”lardan alət kimi istifadə edilir. Ona görə də yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır.


14:04

 Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənovun və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin çıxışları dinlənilib.

Tədbirdə, həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagözün, Avropa Xəbər Agentliyinin İtaliyadan olan nümayəndəsi Carlo Marinonun, Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauovanın və Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin videotəbrikləri nümayiş olunub.
“MEDİAFEST-2025” çıxışlarla davam edib.

xxx

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.

“MEDİAFEST-2025” Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində təşkil olunur.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top