Sürücünü işə düzəltmək istədi, həbs edildi

KRİMİNAL 27 may 2025, 18:59
Bakı şəhəri Təcili və Tibbi Yardım Stansiyasının 3 saylı bölməsinə sürücü kimi işə düzəltmək adı ilə dələduzluq edən şəxs həbs edilib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Sadiq sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib. O, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Əli adlı şəxsin etibarından sui-istifadə edib. 

Onu Bakı şəhəri Təcili və Tibbi Yardım Stansiyasının 3 saylı bölməsinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib. Ayrı-ayrı vaxtlarda ondan ümumilikdə 880 manat alıb. 

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, xatırlamadığı tanışının vasitəsilə Əli adlı şəxs ona zəng vurub və işə düzəlməkdə köməklik etməsini xahiş edib: “Mən də ona Təcili Tibbi Yardım Stansiyalarından birinə sürücü kimi işə düzəldə biləcəyimi dedim. Əliyə ilkin olaraq işə düzəlməsi üçün 2000 manat verməli olduğunu söylədim. O da 2000  manat pulunun olmadığını, 500 manat pul verə biləcəyini dedi. Mən də bununla razılaşdım”. 

Sadiq qeyd edib ki, 8 dekabr 2023-cü ildə Qara Qarayev metrosunun qarşısında Əli ilə görüşüb və həmin vaxtı Əli ona 500 manat verib: “Pulu alan zaman 15 iş günü ərzində işə başlayacağına söz verdim. Dekabrın 15-də Əliyə zəng vurdum və ona 200 manat məbləğində pulu sertifikasiya üçün ödəməsinin lazım olduğunu dedim. O da inandığı üçün etiraz etmədi və mənə məxsus bank kartıma pulu ödədi. Dekabrın 28-də Əli zəng vurdu və işin nə yerdə  olduğunu soruşdu. Yenə də əlavə olaraq 120  manat da ödəmək lazım olduğunu dedim. İnandığı üçün etiraz etmədi və bank kartıma 60 manat ödədi. Qeyd etdiyim pulları şəxsi ehtiyaclarıma xərcləmişəm. Bu səbəbdən də onu işə düzəldə bilməmişəm. Əli zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışam”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadiq 5 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Sadiq adlı şəxsin məhkəməsi getdiyi dövrdə onun barəsində Yevlax Rayon Polis Şöbəsinə başqa bir dələduzluq faktı ilə müraciət olunub. Yevlax Rayon Polis Şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünüb ki, Yevlax Rayon Polis Şöbəsində Sadiqin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 
Həmin ittihama görə, o, Yevlax rayonunun Kolanı kənd sakininin ümumilikdə 4990 manatını ələ keçirib. 

Sadiqin iştirakı ilə zəruri istintaq hərəkətləri aparılması üçün onun saxlanıldığı Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 2 saylı İstintaq Təcridxanasına köçürülüb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top