"Ermənistan reallığı dərk etməyə başlayır" — ŞƏRH

REGİON 27 may 2025, 18:22
Ermənistan uzun tərəddüddən sonra “3+3” formatında keçiriləcək üçüncü regional görüşə razılıq verib. Bu qərar İrəvanın Qərblə deyil, region dövlətləri ilə əməkdaşlığa üstünlük verməyə başladığına dair ehtimalları gündəmə gətirib.

Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələnin yenidən gündəmə gəlməsi Lavrovun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlərlə bağlıdır:

“Lavrov bildirdi ki, Ermənistan region ölkələri ilə əməkdaşlıq etməlidir və regiondan kənar qüvvələrin bölgəyə cəlb olunması yolverilməzdir. Erməni mediası da yazır ki, Ermənistan bu görüşlərə hazırdır. Amma hələ yer bəlli deyil. Bu Ermənistan siyasətində tam dönüş demək deyil. Lakin Ermənistan reallığı dərk etməyə başlayır. Mən düşünürəm ki, bu dəyişiklik Ukrayna məsələsi fonunda Rusiyanın yenidən Cənubi Qafqaza qayıtmaq istəyi ilə bağlıdır. Rusiya ən çox Ermənistana diqqət yetirəcək və bu səfər də bunun göstəricisidir. Ermənistan anlayır ki, Qərb, xüsusən də ABŞ və Çin, onu artıq əvvəlki kimi dəstəkləmir.  Buna görə də region ölkələri ilə əməkdaşlığa daha çox meyillənir. Bu, Avropa İttifaqı ilə əlaqələri kəsmək demək deyil. Paşinyan hökuməti balans siyasəti aparmağa çalışır.   Bu siyasətin nə qədər uğurlu olacağını demək çətindir, amma əlamətləri görünür.  Məsələn, bir tərəfdən Avropa ilə əlaqələr gücləndirilir, Fransanın Zəngəzur bölgəsində konsulluq açması planlaşdırılır”. 

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top