"Danışıqlar dalana dirənib, artıq bu, mümkünsüzdür" — Deputat

DÜNYA 27 may 2025, 10:27
"Rusiya son günlərdə Ukrayna şəhərlərinə ardıcıl raket hücumları həyata keçirdi. Bu da Donald Trampın Vladimir Putin barədə daha sərt fikirlər səsləndirməsinə gətirib çıxardı".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. Onun sözlərinə görə, Tramp bir neçə gün əvvəlki fikirlərindən fərqli mövqe sərgiləmiş oldu:

"Son günlərə nəzər salsaq, görərik ki, mayın 19-da Trampla Putinin danışığı olmuşdu. Bu danışıqdan sonra Tramp danışıqların nisbətən müsbət tonda aparıldığını qeyd etmişdi. Lakin mayın 22-dən sonra Rusiyanın hava hücumlarının şahidi olduq. Nəticədə, mayın 19-da müsbət fikirlər söyləyən Tramp bu dəfə sərt fikirlər ortaya qoydu, bu qırğınların heç bir əsası olmadığını söylədi. Əvvəlki fikirlərindən xeyli fərqli olan mövqe sərgilədi. 

Daha əvvəl sanksiyaların bir qədər yumşaldılacağını deyən Tramp bu dəfə sanksiyaların sərtləşdiriləcəyi barədə fikirlər irəli sürdü. Bu da o deməkdir ki, sanksiyalar sərtləşdirilsə, Rusiya hər hansı formada güzəştə getmək fikrində olmayacaq. Tramp da nitqində bildirdi ki, "mən Ukraynanın yarısının Rusiyaya lazım olduğunu düşünürdüm, amma hamısı lazımdır". Bu da onu göstərir ki, Rusiya dayanmaq fikrində deyil".



Azər Allahverənov bildirib ki, indiki halda danışıqlar dalana dirənib və müharibənin yaxın zamanda dayandırılması mümkünsüzdür:

"Artıq ABŞ-nin iqtisadi sanksiyaları sərtləşdirəcəyi ilə bağlı fikirlər var. Digər tərəfdən, Qərb ölkələri daha çox Rusiyanın güzəştlərə gedəcəyi situasiyanın yaradılmasında maraqlıdırlar. Xüsusən son zamanlarda Ukraynaya maliyyə və hərbi yardımla bağlı qərarlar verilib. Həmçinin ABŞ nadir minerallarla bağlı Ukrayna ilə bağladığı sazişin icrasına başlamaq niyyətindədir. Bütün bunlar göstərir ki, Ukrayna da öz mövqeyindən çəkilməyəcək, savaşın daha dərinləşəcəyi bir vəziyyət yaranacaq".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top