Tarixin ən bahalı oyunu — 508 milyon manat...

İDMAN 26 may 2025, 12:51
İngiltərə Çempionşipinin pley-off mərhələsinin finalında "Sanderlend" ilə "Şeffild Yunayted" komandaları arasında keçirilən Premyer Liqaya yüksəlmə qarşılaşması futbol tarixinin ən bahalı oyunu kimi tarixə düşüb. 

Rəqibini 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edən "Sanderlend" həm Premyer Liqaya vəsiqə qazanıb, həm də klub tarixində rekord gəlir olan 220 milyon funt-sterlinq (təxminən 508 milyon manat) əldə edib. Bu rəqəm 2024-cü ildə verilmiş 140 milyon funt-sterlinqi (təxminən 323,3 milyon manat) geridə qoyub. Əgər "Sanderlend" gələcək mövsümdə Premyer Liqadan düşməzsə, əlavə olaraq 200 milyon funt-sterlinq (təxminən 461,8 milyon manat) daha qazanacaq.

"Real Madrid"in futbolçusu Cud Bellingemin qardaşı Joub Bellingem də "Sanderlend"in qalibiyyəti ilə birlikdə Premyer Liqada çıxış etməyə haqq qazanıb. 2017-ci ildə Premyer Liqa ilə vidalaşan, 2018-ci ildə isə I liqaya qədər enən və son 8 ildə bir çox çətinlikləri geridə qoyaraq bu mərhələyə gələn "Sanderlend" yenidən liqanın ən diqqətçəkən komandalarından biri olmağı hədəfləyir. Qələbə qolunun 19 yaşlı Tom Vatson tərəfindən vurulması isə bu tarixi zəfərə klub adına əlavə bir simvolik məna qatıb.
 
Pley-off mərhələsində bir çoxları "Sanderlend"i ən zəif namizəd kimi görürdü. Pley-off tarixinin ən gənc ikinci komandası olan "Sanderlend"ə çox az adam ümid bəsləyirdi. Lakin baş məşqçi Rejis Le Bris bu aşağı gözləntiləri üstünlüyə çevirib və 6-7 ildir birlikdə çıxış edən gənc oyunçulardan ibarət son dərəcə istəkli və motivasiyalı bir kollektiv formalaşdırıb. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top