"Övladların ailəyə və böyüklərə münasibətində soyuqluq müşahidə olunur" — Səbəblər açıqlandı

GÜNDƏM 22 may 2025, 13:48
“BakuBus”a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə ötən gün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alıbı. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar.  

Hadisə ilə bağlı fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a söyləyib ki, son dövrlərdə Azərbaycanda ailə münaqişələrinin artması cəmiyyətin diqqət mərkəzinə çevrilib:

“Müasir rəqəmsal dövrdə, xüsusilə də sosial şəbəkələrin həyatımıza nüfuzu ailədaxili münasibətlərə birbaşa təsir göstərməkdədir. Ailə mühitində psixoloji gərginliklərin çoxalması, qarşılıqlı inamın zəifləməsi, anlaşılmazlıqların dərinləşməsi günümüzün reallığına çevrilib. Sosial şəbəkələr, bir tərəfdən, informasiya vasitəsi kimi rol oynasa da, digər tərəfdən ailə üzvləri arasında etimad mühitini pozaraq, yeni böhran ocaqları yaradır. İnsanlar daha çox fərdiyyətçiliyə, zövq yönümlü hedonist həyata meyl edirlər. Bu da ailə daxilindəki rol bölgüsündə və funksiyaların yerinə yetirilməsində uyğunsuzluqlara səbəb olur. Nəticədə valideyn-övlad münasibətlərində gərginlik artır, valideynlər arasında qarşılıqlı anlaşma pozulur, övladların ailəyə və böyüklərə münasibətində soyuqluq müşahidə olunur”.

Sosioloq əlavə edib ki, bu proseslər  nəsillərarası dəyərlər mübarizəsinin də göstəricisidir:

“Ənənəvi konservativ düşüncə ilə yenilikçi, fərdiyyətçi yanaşmaların toqquşması ailələrdə fikir ayrılıqları və münaqişələr doğurur. Yaşlı nəsil adət-ənənəni qorumağa çalışarkən, gənclər daha sərbəst, fərdi seçimlərə əsaslanan həyat tərzini seçir. Belə bir şəraitdə, ailə institutunun qorunması üçün sosial-psixoloji dəstək sistemi qurulmalı, münaqişəli ailələr vaxtında müəyyənləşdirilərək onlarla sosial iş aparılmalıdır. Bunun üçün isə psixoloq və sosial işçilərin fəaliyyətini tənzimləyən, onların hazırlığını, peşəkarlığını qiymətləndirən, sertifikasiyadan keçirən və fəaliyyətini lisenziyalaşdıran səlahiyyətli bir qurumun yaradılması vacibdir. Bu həm ailə münasibətlərinin sağlamlaşdırılmasına, həm də cəmiyyətin psixoloji rifahının təmin olunmasına xidmət edəcək”.

Leyla Turan
Demorat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 16:59
Top