"Azərbaycanla Macarıstan arasında münasibətlərin təməlində hər iki ölkənin liderlərinin siyasi iradəsi dayanır"

GÜNDƏM 21 may 2025, 16:40
“Azərbaycanla Macarıstan arasında formalaşmış işgüzar münasibətlər və siyasi dialoq mühüm strateji əhəmiyyət kəsb edir. Bu münasibətlərin təməlində hər iki ölkənin liderlərinin siyasi iradəsi və prinsipial mövqeyi dayanır”.

Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Macarıstanın Baş naziri Viktor Orban müstəqil milli maraqlara əsaslanan siyasət yürüdür:

“Qərb mediasında bu yanaşma bəzən "Avropa skeptisizmi" kimi tənqid olunur, lakin reallıq odur ki, Orban öz xalqının sifarişini yerinə yetirir və cəmiyyətin etimadını qazanır. Macarıstanın geostrateji mövqeyi, təbii ehtiyatlara və enerji daşıyıcılarına olan ehtiyaclar, onu müstəqil və cəsarətli addımlar atmağa vadar edir. Orban sağ təmayüllü bir siyasətçi olmaqla yanaşı, həm də uzaqgörən və təmkinli bir liderdir. O, Rusiya-Ukrayna müharibəsinin həlli üçün vasitəçilik təşəbbüsləri göstərib və bu, onun beynəlxalq münasibətlər sistemində mühüm aktor olduğunu sübut edir”.

Politoloq əlavə edib ki, Macarıstanla Azərbaycan arasında əlaqələrin mühüm istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatında əməkdaşlıqdır:

“Macarıstan bu təşkilatda müşahidəçi statusuna malikdir və özünü Türk dünyasının bir parçası kimi görür. Tarixi köklərinə – Böyük Atilla və Hun İmperiyasına istinad edərək milli şüur və oyanışı təşviq edir. Bu, tarixin düzgün dəyərləndirilməsi və gələcək nəsillərə məsuliyyətli liderlik nümunəsidir. Minsk şəhərində Macarıstanın Xarici İşlər Naziri cənab Peter Szijjarto ilə keçirdiyim görüşdə bir daha şahid oldum ki, Macar xalqı və dövləti öz inkişaf strategiyalarını aydın və məqsədyönlü şəkildə formalaşdırır. Türk Dövlətləri Təşkilatının Budapeştdə yerləşən ofisi də bu əməkdaşlığın geniş coğrafiyada inkişafına töhfə verir. Mərkəzi Asiyadan Qafqaza, oradan isə Avropaya qədər uzanan yeni əməkdaşlıq və əlaqə imkanlarında Macarıstanın rolu xüsusi qeyd edilməlidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top