
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib. O süni zəka səbəbindən bəstəkara ehtiyac qalmayacağını bildirib:
"Yeni mahnımın adı "Göz bayatıları"dır. Sözləri Xalidə Seyidovanındır. Mənim şansım belədir ki, bəzi şairlərin özlərini görmürəm. Mənə şeirləri telefonda göstərirlər, ya da internetlə göndərirlər. Bu şeiri də mənə internetlə göndəriblər. İndi bilirsiniz ki, süni zəka dövrüdür, heç bəstəkara da ehtiyac olmayacaq".
“Bütün bunlar təxəyyülün məhsuludur. İnsanı heç nə əvəz edə bilməz!”, - bu, müasir peşələrin 47%-nin təhlükə altında olduğuna, bəzilərinin isə 90% ehtimal ilə robotlarla əvəzlənəcəyinə dair fikrə bildirilən rəylərdən biridir. Təbii ki, hazırda tutduğun yeri süni zəkaya verəcəyini düşünmək çətindir. Amma israilli alim rəqəmsal inqilabın öndəri Yuval Noy Harrarinin dərc etdiyi kitaba əsaslansaq, müxtəlif peşələrin avtomatlaşdırılması Oksford alimləri Frey və Osbornun alqoritmi ilə dəyərləndirilib. Belə ki, mövcud peşələrin 47%-i risk altındadır. 2033-cü il üçün tele-marketinq və sığorta agentlərinin öz yerini robotlara vermə ehtimalı 99% -dir. Referlərdə bu ehtimal 98%, kassirlərdə 97%, baş aşpazlarda 96%, ofisiantlarda 94%, ekskursiyaçılarda 91%, çörəkçilərdə isə 89%-dir. Bir sözlə, süni zəkanın tətbiqindən sonra bəzi peşələr tamamilə yox ola bilər.
Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, süni zəkanın inkişafı artıq bir çox sənaye və peşəyə təsir edib və bu proses davam edir:
“Bəstəkarlar və digər yaradıcı peşə sahibləri süni zəka ilə tam əvəz olunması mənim şəxsi müşahidəmə əsasən qismən mümkün olacaq. Belə olan halda süni intellekt ilə hazırlanan nümunələr ucuz, canlı olan nümunələr isə hər zaman daha qiymətli və bahalı olacaq. Necə ki, sənətkarlıqda “Hand made” anlayışının kütləvi zavod istehsalı əşyalardan daha bahalı və qiymətli olduğu kimi. Süni zəka artıq musiqi bəstələyə bilir. Ad qeyd etmək istəməsək də müxtəlif alətlər artıq mövcuddur. Süni intellektin bəstəkarları klassik musiqidən tutmuş pop janrına qədər kompozisiyalar yaradır. Bu kompozisiyalar çox vaxt texniki cəhətdən düzgün olsa da, emosional dərinlik, kontekstual uyğunluq və yaradıcı niyyət baxımından insan bəstəkarın işindən geri qalır. Musiqi yalnız notların düzülüşü deyil. Onun içində duyğu, həyat təcrübəsi, mədəniyyət və məqsəd var. Süni zəka hələlik bu təbəqələri tam mənimsəyə bilmir”.
Ekspert vurğulayıb ki, süni zəka və avtomatlaşdırma bəzi peşələrə təsir edir:
“Məsələn: Rutin və təkrarlanan işlər: kassir, operator, sürücü, anbar işçisi. Sadə analiz və hesablama tələb edən ofis işləri: statistika və məlumat daxil edən operatorlar, Jurnalistlər, tərcüməçilər, qrafik dizaynerlər, mühasiblər. Süni zəka həkimlərə diaqnoz qoymaqda kömək edir, amma qərarı hələ insan verir. Süni intellektin ən az təsir edəcəyi sahələr yəni aşağı risk altında olanlar: Bəstəkar, rəssam, şair, rejissor, psixoloq, müəllim, sosial işçi, menecerlər, rəhbər vəzifələrdir. Texnologiyanın sürətlə inkişafı bəstəkarlar da daxil olmaqla, yaradıcı peşə sahiblərini düşünməyə vadar edir, amma bu o demək deyil ki, süni zəka insan bəstəkarı tamamilə əvəz edəcək. Gələcəkdə insan və süni zəkanın əməkdaşlığı əsas trend olacaq: insan ideyaları verir, süni zəka onu inkişaf etdirir və texniki cəhətdən tamamlayır. Ən güclü olanlar adaptasiya qabiliyyəti yüksək, yaradıcılığını süni zəka ilə birləşdirə bilənlər olacaq”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, zamanın tələblərinə uyğun olaraq dünya sürətlə inkişaf mərhələsinə keçib - intellekt, robotlaşma, avtomatlaşma:
“Bu inkişaf yaradıcı, kreativ sahələrə də təsirsiz ötüşmür. Artıq dünyada müxtəlif tətbiqlər, proqramlar təqdim olunur. Bu tətbiqlərin bir çoxu reklam əsasında ödənişsizdir, pullu versiyaları da mövcuddur. Bu vasitələrlə rəssamlıq, ədəbiyyat, incəsənət, dizayn, avtomobil dizaynı, musiqi və s. sahələrdə süni intellektlə yeni sənət nümunələri yaradılır. Belə getsə, bu texnologiyalar incəsənətin bir çox sahələrini dəyişdirəcək. Artıq süni intellekt roman yazır, süjet qurur, vizual və film effektli materiallar təqdim edir, musiqi bəstələyir. "TikTok"," YouTube", "Instagram" kimi platformalarda bu texnologiyaların real tətbiqlərini görürük. Bu sahədə inkişaf elə sürətlidir ki, bir vaxtlar altı aydan bir yeniliklər görürdüksə, indi üç ay, bəzən bir ay ərzində yeni tətbiqlərlə qarşılaşırıq. Amma sual budur: Azərbaycan cəmiyyəti buna hazırdırmı? Cəmiyyətdə diplom almaq üçün təhsilə, kitab oxumağa dəlilik kimi baxıldığı bir şəraitdə süni intellektə cavab vermək mümkündürmü? Texnologiya artıq o mərhələyə çatıb ki, cihazlara belə ehtiyac olmayacaq bioradiodalğalarla insan emosiyalarını belə vizuallaşdırmaq mümkündür. Əgər biz öz aktyorlarımızı, sənətkarlarımızı süni aktyorlarla əvəz etsək, bu cəmiyyət buna hazırdırmı? Dünyada süni intellekt sahəsində geniş təcrübələr aparılır, bizdə isə hələ də ancaq boş danışmaqla kifayətlənirik”.
Yazıçı-kulturoloq əlavə edib ki, Elmlər Akademiyası fəaliyyət göstərmir, tədqiqat institutları konkret işlərlə məşğul olmur:
“Folklor, dilçilik, tarix kimi bölmələri universitetlərə verib, yerində süni intellekt və mədəniyyət üzrə beyin mərkəzləri yaratmaq lazımdır. Əgər texnologiya yaratmırıqsa, demək ki, Nizaminin, Füzulinin divanlarını oxumaq bizə yetərli deyil. Bu sahədə dövlət strukturlarına çağırış edirəm: ciddi ekspert qrupları, beyin mərkəzləri yaradılmalı, milli dəyərləri bilən, psixologiyanı anlayan mütəxəssislərlə çalışılmalıdır. Yoxsa gec olacaq. Süni intellekt artıq ədəbiyyatı, folkloru, incəsənəti əvəz etməyə başlayacaq və biz ayılanda çox gec olacaq. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SI və yaradıcı sənətlərin qovşağında fəaliyyət göstərəcək beyin mərkəzləri, tədqiqat institutları yaratsın. Eyni zamanda, xaricdən mütəxəssislər dəvət edilsin, yerli tədqiqatçılar dəstəklənsin. Yalnız bu yolla Azərbaycan yaradıcı sənətlərdə rəqəmsal dönüşə uyğunlaşa və rəqabətə davamlı ola bilər”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.