Deputat: "Paşinyanın siyasəti sülhün imzalanmasını mümkünsüz edib"

GÜNDƏM 17 may 2025, 16:18
“Paşinyan hakimiyyətinin siyasəti sülh müqaviləsinin imzalanmasını hələ ki, mümkünsüz edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir. Amma Ermənistan tərəfi bundan yayınmaq üçün müxtəlif manipulyasiyalara əl atır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar Rəhimzadə deyib. O bildirib ki, Ermənistan regionda dayanıqlı sülhün yaranmasında maraqlı deyil və konstitusiyasına dəyişiklik etməməklə bu məsələdən gələcəkdə yenidən Azərbaycana qarşı istifadə etməyi planlayır:

“Mayın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanın Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə keçmiş Minsk qrupunun ləğvi məsələsi ilə bağlı səsləndirdiyi fikirlər də bunun təsdiqidir. Rəsmi İrəvan yenə də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Paşinyanın Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olması barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını sübut etməyə çalışması tamamilə əsassızdır”. 

Vüqar Rəhimzadə həmçinin qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində də qeyd edildiyi kimi, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır:



“Bunu sübut etmək üçün Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman etdikləri qeyd-şərtlər hər kəsə məlumdur. Həm Ermənistan konstitusiyasında dəyişiklik, həm də ATƏT-in artıq tarixin arxivinə atılmış qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunması zəruridir. 

Paşinyanın müsahibəsi Ermənistanın bunlarda maraqlı olmadığını, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin olduğunu təsdiqləyir. Təkcə elə bu fakt Azərbaycanın tələblərində və mövqeyində nə qədər haqlı olduğunu ortaya qoyur. Ərazi bütövlüyümüzə təhdid olan Ermənistan konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top