
Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.
Demokrat.az xəbər verir ki, “Əbədiyyətin ifadəsi” sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir. Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb.
Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir.
Luiz de Souza əmindir ki, bu gün istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz daha uzun zaman tələb edən rəngkarlıq və heykəltaraşlıq üsulları əsərlərə orijinallıq və dəyər qazandırır.
Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır.
Luiz de Souzanın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasını əks etdirən “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb.
Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltəraşlıqla məşğul olmağa başladığı vaxt ortaya çıxıb.
Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan braziliyalı rəssamın əl işlərində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar.
“Əbədiyyətin ifadəsi” sərgisi ilə Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək tanış olmaq mümkündür.






























