"Ermənistan əsgəri artıq silah deyil, daş atır" — Deputat

GÜNDƏM 15 may 2025, 19:42
Erməni mövqelərindəki reallıq getdikcə absurda çevrilən bir teatr səhnəsini xatırladır. Bu "tamaşanın" yeni pərdəsi Azərbaycanın Laçın rayonu istiqamətində baş verib. Ermənistan ordusunun hərbçisi müşahidə məntəqəsini tərk edərək möhkəmləndirilmiş səngərin qarşısındakı təpəyə qalxır və Azərbaycan Ordusunun mövqelərinə daş atmağa başlayır.

Bununla bağlı deputat Elman Nəsirov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Ermənistan ordusunun hərbi müşahidə məntəqəsini tərk edərək, möhkəmləndirilmiş səngərin qarşısına çıxması və Azərbaycan ordusunun mövqelərinə daş atmağa başlaması çoxsaylı suallar doğurur:

“Bu hadisə onu göstərir ki, Ermənistan əsgəri artıq silahla deyil, daşla "mübarizə" aparır. Bu davranışla nə demək istəyirlər?Onlar bu hərəkətlə bildirirlər ki, biz düşmənik və nifrətimizi bu şəkildə ifadə edirik. Eyni zamanda demək istəyirlər ki, müharibə aparmırıq, lakin sülh müqaviləsi imzalamaq niyyətimiz də yoxdur. Atəş açmırıq, amma sizə nifrət edirik — bu açıq mesajdır. Digər tərəfdən, bu, Azərbaycan əsgərini təxribata çəkmək məqsədi daşıyır. Bilirlər ki, Azərbaycan əsgəri daşla cavab verməyəcək. Lakin məqsəd odur ki, Azərbaycan tərəfi cavab atəşi açsın və sonra ittiham etsinlər ki, atəşi Azərbaycan açdı. Bu, sülh danışıqlarının səmimiliyinə ziddir və göstərir ki, Ermənistanın sülh niyyəti yoxdur. Əvvəllər atəş açırdılar, bu gün daş atırlar”. 

Deputat əlavə edib ki  istənilən halda bu davranışlar bölgədə sülhə və sabitliyə xidmət etmir:

“Ermənistan sülh müqaviləsi bağlamaq niyyətindən uzaq olduğunu bir daha nümayiş etdirir. Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirib, torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz təmin olunub. İndi sülh müqaviləsi daha çox Ermənistana lazımdır. Amma onlar ya silahlarının olmadığını, ya da cavab atəşi nəticəsində ağır itkilər verəcəklərini düşündükləri üçün daş atmaq kimi gülünc üsula əl atırlar. Bu davranış Ermənistanı biabır edir, onu beynəlxalq səviyyədə qeyri-ciddi və etibarsız tərəf kimi göstərir. Və bir daha sübut olunur ki, Ermənistanın sülh niyyəti yoxdur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top