Xəzər rayonu, Mərdəkan qəsəbə sakinləri ölkə başçısına müraciət etdilər: “EVLƏRİMİZİN SUYUN ALTINDA QALIB” — FOTOLAR

HADİSƏ 15 may 2025, 14:43

Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbə sakinləri Prezident İlham Əliyevə müraciət ünvnlayıblar. Şikayətçilər eyni mətni 7news.az saytının redaksiyasına ünvanlayıblar.

Müraciəti olduğu kimi təqdim edirik: " Möhtərəm Cənab Prezident gərgin fəaliyyətinizdə qiymətli vaxtınızı almaq istəməzdik. Lakin yaşadığımız ərazidə yaranmış problemin həllində yerli orqanların imkanlarının məhdud olduğunu müşahidə edirik. Ona görə də qaldırılan məsələnin həllinin Sizin nəzarətiniz və müdaxilənizlə, əlaqədar qurumların birgə faliyyətilə mümkün ola biləcəyini düşünərək Sizə müraciət edirik.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi və ona parelel ərazidə 50-ə yaxın fərdi yaşayış və bağ evlərinin həyətləri, zirzəmi sahələri, məhəlləarası yollar 2024-cü ilin oktyabr ayından bəri subasmaya məruz qalmışdır. Uzun illər yaşadığımız bu ərazidə evlərimizin zirzəmiləri, həyətyanı sahələr quru, normal halda olmuşdu. 2024-cü ilin oktyabr ayında baş verən yağıntılardan sonra, ərazidə məhəllədaxili yolları, həyətyanı sahələri və evlərin zirzəmilərini sel suları basdı. Yağışlardan sonra öz imkanlarımızla sel sularının təmizlənməsini, zirzəmilərdən suyun çəkilməsini təmin etdik, lakin problem bitmədi, daha da böyüdü. Həyətlərimizi, zirzəmiləri su basmaqda davam edir. Bir neçə aydır qrunt sularının səviyyəsinin qalxması, intensivləşməsi nəticəsində məhəllədaxili yollarda, həyətyanı sahələrdə gölməçələr əmələ gəlir, zirzəmilərə su dolur. Evlərin bünövrəsinə ziyan dəyir, ağaclar, yaşıllıqlar yanır. Havanın quraqlıq vaxtlarında da qrunt suları həyətlərə dolur, yağış yağdıqda isə vəziyyət daha dözülməz hala çatır, özümüzün quraşdırıdığımız su nasosları da zirzəmilərə dolan suyu çəkib təmizləyə bilmir. Evlərimizdə məişət əşyaları yanıb sıradan çıxır, rütubətin yüksəldiyinə görə evlərdə yaşamaq çətinləşir, ağaclar, yaşıllıqlar yanır.

Müraciət etdiyimiz yerli icra orqanları və bələdiyyənin, aidiyyəti qurumların mütəxəssisləri müəyyən ediblər ki, ərazidə çirkab sularının axıdılması üçün kanalizasiya qurğusu, istərsədə yağış və qrunt sularına görə heç bir drenaj sisteminin olmaması belə vəziyyətə səbəb olur. Kanalizasiya və drenaj sisteminin qurulması isə yerli orqanların imkanında deyil. Biz sakinlər də öz hesabımıza, əlaqədar orqanların dəstəyi olmadan bu sistemləri qura bilmərik. Müəyyən edilmişdir ki, təxminən 400 metr aralıdan çirkab və qrunt sularının axıdılması üçün drenaj sistemi keçir. Lakin həmin xəttə qoşulma və ya yeni xətlərin qurulması müvafiq səlahiyyətli orqanların razılığı, birgə layihəsi, maliyyə vəsaiti və bilavasitə iştirakı ilə kompleks tədbirlərlə həyata keçirilməilidir.

Bildiyimizə görə, yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təmin etmək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifələrinə aid olan məsələdir. Əgər Agentlik və ya yerli icra hakimiyyəti orqanı tərəfindən, müvafiq tədbirər planı hazırlanıb icra edilərsə, biz sakinlər də imkanlarımız daxilində prosesə dəstək olmağa hazırıq. Əks təqdirdə evlərimizdə yaşayışımız mümkün deyil, evlərimiz, həyətlərimiz, yolların asfalt örtüyü və bağ sahələri tamamilə yararsız hala düşəcək və bərpası mümkün olmayan fəsadlar yaradacaqdır.

Qoşmada ərazinin foto-şəkillərindən acınacaqlı vəziyyətimiz görünür.

Sizdən xahiş edirik, müraciətimizi nəzarətə götürəsiniz, üzləşdiyimiz çətinliyin həlli üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. İnanırıq ki, müraciətimizə mümkün qısa müddətdə baxılmasına öz köməyinizi əsirgəməyəcəksiniz.

Sizə ümid və hörmətlə

Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsi və yanaşı ərazinin sakinlər”















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top