“Azərbaycan vaxt itirmədən sülhə nail olmaq istəyir” — AÇIQLAMA

GÜNDƏM 14 may 2025, 15:24
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasının əsas səbəblərindən biri Ermənistan Konstitusiyasının hələ də dəyişdirilməməsidir. Çünki bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub və bu müddəalar qanunvericilik bazasından çıxarılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycan dövləti Ermənistan xalqı ilə real və davamlı sülh müqaviləsi imzalamaqda maraqlıdır:

“Bu səbəbdən Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsinə gətirib çıxaracaq ümumxalq referendumu ideyasını dəstəkləyir. Yəni, Azərbaycanın bu məsələyə yanaşması səmimi və xalq iradəsinə əsaslanan yanaşmadır. Lakin baş nazir Nikol Paşinyan bu istiqamətdə tələsik qərarlar verməkdən çəkinir. 

Əslində, sülhün əsası Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir və bu dəyişikliklər Ermənistan cəmiyyətinin ümumi rəyinə uyğunlaşdırılmalıdır. Azərbaycan tərəfi isə bu dəyişikliklərin həyata keçirilməsində qətiyyətlidir və prosesin mümkün qədər tez başa çatmasını istəyir. 

Hazırda Ermənistan rəhbərliyi Konstitusiyada dəyişikliklərin 2026-cı ildə keçiriləcək seçkilərə qədər təxirə salınmasını nəzərdə tutur. Azərbaycan isə bu müddəti gözləmədən sülhə nail olmaq istəyir. 

Düşünürəm ki, 2026-cı ildən sonra seçkilər və mümkün referendum baş tutduqdan sonra, Konstitusiyada dəyişikliklər ediləcək və nəticədə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top