Azərbaycanda hansı peşələrə ehtiyac çoxdur... — SİYAHI

SOSİAL 14 may 2025, 11:14
Əmək bazarında hər il yeni peşələr meydana gəlir və ya köhnələr öz aktuallığını itirir. Bəziləri də dövr ilə əlaqədar iş prinsiplərini dəyişir. Peşələr üzrə vakansiyaların sayının artıb-azalması əmək bazarında kadr sayından asılıdır. Hətta elə sahələr də var ki, orada vakansiya yerləri çox olsa da, kadr tapmaq çətindir. Elə sahələr də var ki, kadra tələb təklifdən dəfələrlə azdır.

Demokrat.az
-ın məlumatına görə, təhsil eksperti İlham Əhmədov Modern.az-a deyib ki, gələcəyin əmək bazarının formalaşmasına bu gün başlanılmalıdır.

Bu, ölkə iqtisadiyyatının rəvan inkişafı üçün çox mühümdür. 

Ekspertin sözlərinə görə, bu gün qlobal əmək bazarı dinamik xarakter daşıyır. Süni intellektin inkişafı ilə əlaqədar bir sıra peşələr sıradan çıxır, yeni peşələr yaranır. 10-15 il sonra əmək bazarında xeyli yeni peşənin yaranması ehtimal edilir.
Müsahibimiz deyir ki, bu gün əmək bazarının gələcəyi bir neçə əsas amillə müəyyənləşdirilir. Bunlar iqtisadi və texnoloji inkişaf, investisiya imkanları, demoqrafik dəyişikliklər, təhsil sisteminin səmərəliliyi v.s. məsələləri əhatə edir. 

“Azərbaycan əmək bazarının gələcəyinə dair müəyyən istiqamətlər üzrə təxmini proqnozlar vermək olar.

Sovet dönəmində ali, orta ixtisas və ilkin peşə təhsili sisteminin inkişafı proqnozlaşdırılarkən, bu tip tədqiqatlara əsaslanılırdı. Təəssüf ki, müstəqillik illərində bizim təhsil sistemində belə araşdırmalar aparılmadı. Ona görə də kadr hazırlığında bu gün sistemsizlik hökm sürür. 

Ümumiyyətlə, son 30 il ərzində təhsilə dair bir çox faydalı təşəbbüslər vaxtında nazirlik tərəfindən düzgün qiymətləndirilə bilməyib, bu gün də belədir. Ona görə də, elm və təhsil nazirinin bildirdiyi kimi, “təhsilimiz tərsinə qurulub”.

20 il əvvəl də, indi də təhsilin əsas proiriteti islahatların elmi təminatını yaratmaq, bu əsasda  səmərəli təhsil islahatları aparmaq, rəqabətədavamlı təhsil sistemi qurmaq  deyil”,-deyə ekspert bildirib.

İlham Əhmədov deyib ki, gələcəyin əmək bazarına təsir edən əsas amillərdən biri texnoloji  innovasiyalar və rəqəmsallaşma prosesləridir. Texnologiyanın sürətli inkişafı, xüsusilə rəqəmsal transformasiya və avtomatlaşdırma, əmək bazarının gələcəyini müəyyən edən ən mühüm amillərdən biridir. Proqramçılar, veb-dizaynerlər, rəqəmsal marketinq mütəxəssisləri, kibertəhlükəsizlik analitikləri kimi peşələr buna nümunədir.

“Bu sahələrin inkişafı, kadr təminatı problemlərini həll etmək üçün “Süni İntellekt Akademiyası”nın yaradılması nəzərdə tutulur. 

Bundan başqa, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft və qaz sənayesi mütəxəssislərinə əmək bazarında hələ də tələbat var. Lakin bu sahənin gələcəyi alternativ enerji və dayanıqlı inkişaf istiqamətində dəyişəcək. İstixana qazları ilə mübarizə, yaşıl enerjinin təşviqi və texnoloji yeniliklər bu sahədə peşəkarlar üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, mühəndislik və tikinti sahələrində də fəaliyyətin davam ediləcəyi, xüsusilə infrastruktur layihələri və energetika mütəxəssisləri üçün perspektivlər gözlənilir”.

İ.Əhmədovun sözlərinə görə, ölkə əhalisinin yaş strukturu dəyişir, əhali artımı azalıb, əhali yaşlaşır, bu səbəbdən səhiyyə və sosial xidmətlər sahəsində tələbatın artması proqnozlaşdırılır. Yaşlı əhalinin sayının artması ilə bağlı tibbi və sosial işçilərə ehtiyac artacaq. Həmçinin, gənclər arasında daha yüksək təhsil və yeni bacarıqlara tələbat da artacaq.

“Gələcəyin əmək bazarına  təsir edən digər amil iqtisadi diversifikasiya prosesləridir. Kənd təsərrüfatı, turizm, xidməti sektoru, İKT kimi sahələrdə iş yerlərinin artması mümkündür. Əmək bazarına təsir edən digər amil qlobal tendensiyalar, hibrid iş formalarının yaranmasıdır. Pandemiya sonrası iş dünyasında məsafədən (distant) və hibrid iş modelləri daha çox yayılmaqdadır. Bu, iş bazarını çevik və qlobal hala gətirir. Nəticədə, lokal əmək bazarına beynəlxalq şirkətlərin qatılması və müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının artması mümkündür”.

Ekspert vurğulayıb ki, gələcəyin əmək bazarı bir sıra fərqli bacarıqlar tələb edəcək:

“Bunlar rəqəmsal bacarıqlar (proqramlaşdırma, məlumat analizi, bulud texnologiyaları),  innovativ və kreativ düşüncə tərzinə sahib olmaq, biznes şəbəkə qurmaq və layihəyə rəhbərlik bacarıqları, təhlükəsizlik və kibertəhlükəsizlik sahəsində biliklər, çeviklik və davamlı öyrənmə qabiliyyəti ola bilər.

Buna uyğun olaraq, təhsil sisteminin müasirləşdirilməsi, gənc kadrların yeni bacarıqlara yiyələnməsi və onların yenidən ixtisaslaşması zəruri olacaqdır”.

Azərbaycanda son dövrlər ən çox hansı peşələrə ehtiyac duyulur, hansı vakansiyalar daha çoxdur?  

İlham Əhmədovun fikrincə, ölkədə son dövrlərdə ən çox tələb olunan peşələr arasında aşağıdakılara ehtiyac duyulur:

- informasiya texnologiyaları sferası və proqram təminatı yaradanlara və inkişafetdiricilərə (xüsusilə Python, Java, .NET kimi proqramlaşdırma dilləri üzrə mütəxəssislərə);
- Veb və UI/UX dizaynerlərə, satış və marketinq üzrə satış menecerləri və nümayəndələri, sosial media menecerləri və SMM mütəxəssisləri, rəqəmsal marketinq mütəxəssisləri, brend menecerlərinə;

- Mühəndislik ixtisasları üzrə neft və qaz mühəndisləri, inşaat mühəndisləri, elektrik mühəndisləri, kimya mühəndislərinə;

- Təhsil sistemində müəllimlərə (xüsusilə ailə müəlliminə, ingilis dili və İT üzrə müəllimlərə), onlayn təlimin təşkili, təhsil marketinqi, təhsil meneceri, təhsilin rəqəmsallaşdırılması, fərdi inkişaf üzrə mütəxəssislərə (kouçlara);

- Səhiyyə sahəsində həkimlərə (xüsusilə sahələr üzrə ixtisaslı mütəxəssislərə), tibb bacılarına və texniklərə, aptek işçilərinə;

- Biznes, maliyyə və audit sahəsi üzrə biznesdə süni intellektin tətbiqi, biznes proseslərin avtomatlaşdırılması, mühasib, maliyyə analitikləri, auditorlar, bank işçilərinə.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top