
Mayın 13-də Bazeldə “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. Azərbaycanlı tamaşaçılar bu mərhələni ITV telekanalının efirindən izləyə biləcəklər.
Demokrat.az xəbər verir ki, daha əvvəl 1news.az-ın verdiyi məlumata görə, Azərbaycanın 2021-ci ildəki “Avroviziya” təmsilçisi, müğənni Əfəndi (Samirə Əfəndi) builki müsabiqədə dəvətli ulduz qismində iştirak edəcək.
Müsabiqənin rəsmi saytı Əfəndinin Bazeldəki çıxışı ilə bağlı bəzi detalları açıqlayıb. O, xüsusi musiqili nömrənin iştirakçısı olacaq.
Bu çıxışda yalnız Əfəndi deyil, eyni zamanda 2020-ci ildə öz ölkələrini təmsil edən, lakin pandemiya səbəbindən ləğv olunan yarış üçün səhnəyə çıxa bilməyən sənətçilər də yer alacaq. Onların arasında Destiny (Malta), The Roop (Litva) və Gjon’s Tears (İsveçrə) var.
Qeyd edək ki, bu gün Əfəndinin 2020-ci ildə Azərbaycanı təmsil etməli olduğu “Cleopatra” mahnısı TikTok platformasında viral trendlərdən birinə çevrilib. İstifadəçilər bu mahnı ilə Misir kraliçası üslubunda gözəllik transformasiyaları yaradırlar.
Xatırladaq ki, Əfəndi “Avroviziya-2021” müsabiqəsində “Mata Hari” mahnısı ilə finalda 20-ci yeri tutmuşdu. Lakin bütün bunlara baxmayaraq, həmin mahnı Əfəndiyə beynəlxalq şöhrət qazandırmış və bu günə qədər populyarlığını qoruyub saxlamışdır.