“Aşot, gör necə yanır...” — Məhkəmədə video göstərildi

GÜNDƏM 05 may 2025, 17:55
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış görüntülərdə Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır”, - deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, erməni hərbçilərin 1989-cu il avqustun 12-də atası Mehti Məmmədovu öldürdüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

Zərərçəkmiş digər şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını deyib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan SQ tərəfindən silahlı hücum nəticəsində işğal olunduğunu söyləyib.

A. İbrahimov kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu əlavə edib: “1992-ci il mayın 8-dək ermənilərin hücumunda pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

Ağəli İbrahimov bildirib ki, Cağazur kəndində 6 otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni ona böyük zərər dəyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top