Politoloq: Oskanyan müxalifətin yeni siması kimi özünü təqdim etmək niyyətindədir

GÜNDƏM 05 may 2025, 13:55
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Paşinyanın dövründə demokratik idarəçilik, iqtisadi sabitlik xeyli pozulub. O bildirib ki, ölkə müasir tarixinin ən təhlükəli döngələrindən birində dayanır: “Bu gün ermənilərin əksəriyyəti bir əqidə ətrafında birləşib. Baş nazir Nikol Paşinyan getməlidir”.

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan yenidən siyasi səhnəyə qayıtmaq cəhdləri ilə gündəmə gəlib:

“Keçmiş prezident Robert Köçəryanın dövründə fəaliyyət göstərən və Qarabağ klanına yaxınlığı ilə tanınan Oskanyan uzun illər Ermənistan diplomatiyasının önündə olub. Paşinyan hakimiyyətindən əvvəlki dövrlərdə onun adı tez-tez korrupsiya və qeyri-demokratik idarəetmə ilə hallanıb. Bu səbəbdən də Nikol Paşinyan müxalifətdə olarkən Oskanyanı ən çox tənqid etdiyi siyasi fiqurlardan biri kimi tanınırdı.  Son dövrlərdə isə Oskanyan beynəlxalq tribunalarda və müxtəlif forumlarda çıxışlar edərək, Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışır. ABŞ və Avropada maliyyə dəstəyi ilə siyasi aktivlik nümayiş etdirən Oskanyan, müxalifətin yeni siması kimi özünü təqdim etmək niyyətindədir.
O, ölkə ictimaiyyətində nüfuzunu çoxdan itirib və onun təmsil etdiyi siyasi qruplar nə parlament, nə də bələdiyyə seçkilərində baraj həddini keçə biliblər. Bu da onun və təmsil etdiyi düşüncə tərzinin artıq erməni seçicisi tərəfindən rədd edildiyini göstərir. Suriya ermənisi olmasına baxmayaraq, illərlə Qarabağ klanının tərkibində yer alan Vardan Oskanyanın bu gün özünü islahatçı və demokrat kimi təqdim etməsi siyasi ironiya doğurur. Bu baxımdan, onun Paşinyana qarşı səsləndirdiyi bəyanatlar daha çox ictimai diqqət qazanmaq və yenidən gündəmə gəlmək cəhdləri kimi qiymətləndirilə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top