Bakıda otaq yoldaşına xəsarət yetirən kişi həbsdən azad edildi

KRİMİNAL 01 may 2025, 21:18
Bakının Xəzər rayonunda kirayədə yaşayanlar arasında mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Şüvalan qəsəbəsində baş verib. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1978-ci il təvəllüdlü Dadaş kirayədə qaldığı qəsəbənin Talışlar məhəlləsində yerləşən nömrəsiz evdə otaq yoldaşı Zakirlə (adlar şərtidir – red.) aralarında baş vermiş mübahisə zəminində sonuncunu yumruqla sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Dadaşın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dadaş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 1 il müddət olar Zakiri tanıyır, onunla birgə Xəzər rayonu, Şüvalan qəsəbəsi, Talışlar məhləsində yerləşən nömrəsiz evdə kirayə yaşayıb: “Hadisə günü, saat 22 radələrində kirayə yaşadığımız evdə bir qədər spirtli içki qəbul etdik. Sonradan evin təmiz saxlanılması üçün Zakir mənə irad bildirdi. Bu zaman içkili olduğumuzdan aramızda mübahisə düşdü. Mübahisə zamanı Zakirin sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirdim. Hazırda törətdiyim əməldən peşman olmuşam. Zərərçəkmiş şəxslə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zakirin sözlərinə görə, hadisə günü saat 22 radələrində kirayə yaşadıqları evdə Dadaş ilə bir qədər spirtli içki qəbul ediblər: “Daha sonra isə evi təmizlədim. Lakin Dadaşın təmizlədiyim yerlərdə şəpiklə gəzdiyini gördüm. Ona iradımı bildirdim. Bu zaman Dadaşın sözümə əhəmiyyət vermədiyini gördüm, onu itələdim. Lakin, Dadaş mənim sifət nahiyyəmə yumruqla vurdu. Yumruq zərbəsi nəticəsində xəsarət aldım”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. 

Bu səbəbdən Dadaşın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. O, məhkəmə iclası zalından azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top