"Bu, qlobal səviyyədə Azərbaycanın vasitəçilik potensialını ortaya qoyur"— Politoloq

GÜNDƏM 01 may 2025, 19:27
İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir.  Maraqlıdır ki, mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir.

Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib ki, bu səfərlər Azərbaycanın artan geosiyasi və diplomatik rolunu aydın şəkildə əks etdirir:

“Azərbaycanın beynəlxalq münasibətlərdə neytral və vasitəçi mövqe sərgiləyir. Xüsusən də Türkiyə və İsrail kimi regionda mühüm aktorlarla paralel əməkdaşlığı, ölkənin strateji mövqeyini daha da gücləndirir. Həm İsrail, həm də Türkiyə tərəfinin eyni vaxtda Bakıda təmsil olunması, Azərbaycan üçün diplomatik imkan pəncərəsi yaradır. Bu, təkcə regionda deyil, qlobal səviyyədə də Azərbaycanın vasitəçilik potensialını ortaya qoyur”. 

Politoloq əlavə edib ki, Azərbaycanın müxtəlif ölkələrin liderlərini bir araya gətirməsi, ölkənin regional və qlobal diplomatiyada artan rolunun göstəricisidir:

“Bu cür təşəbbüslər, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına və müxtəlif ölkələrlə əlaqələrinin daha da inkişaf etməsinə töhfə verir. Netanyahunun Bakıya 5 günlük səfəri Azərbaycanın İsrail və Türkiyə arasındakı danışıqlarda vasitəçi olmaq ehtimallarını da gücləndirir. Azərbaycan dünya siyasi gündəminin əsas trendlərinin müzakirə edildiyi bir mərkəz kimi ciddi maraq doğuracaq”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top