Valideynlərin NƏZƏRİNƏ: "6 yaşdan məktəbə başlamaq uşaqları psixoloji baxımdan risk altına salır"

GÜNDƏM 01 may 2025, 17:15
"Uşaqların 6 yaşdan məktəbə başlaması ilə bağlı mübahisə sadəcə pedaqoji deyil, həm də psixoloji, tibbi və sosial baxımdan çoxşaxəli məsələdir. Bu yaşda məktəbə başlama, bəzi hallarda uşaqların tədris proqramlarını qavramasında ciddi çətinliklərə səbəb ola bilər. Azərbaycan reallığında isə bu məsələ daha da kritik xarakter alır, çünki həm məktəb proqramları, həm də müəllim hazırlığı uşaqların fərdi inkişaf fərqlərinə uyğun şəkildə differensiallaşdırılmayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

"Bir çox beynəlxalq araşdırmalar göstərir ki, uşaqların məktəbə başlama yaşının bir yaş erkən və ya gec olması onların uzunmüddətli təhsil uğurlarına əhəmiyyətli təsir göstərə bilər. Məsələn, UNESCO və OECD tərəfindən aparılan tədqiqatlarda qeyd olunur ki, sosial, emosional və motor bacarıqları 6 yaşında hələ də inkişaf mərhələsindədir. Uşaqlar bu yaşda uzun müddət oturmaqda, diqqətini bir mövzuya cəmləməkdə, müəllimin direktivlərini izləməkdə çətinlik çəkə bilirlər. Bu səbəbdən də onlar oxu-yazı, riyazi məntiq kimi sahələrdə zəif nəticə göstərə və özlərini geridə qalmış hiss edə bilərlər. Bu isə növbəti illərdə motivasiya itkisinə və təhsildən uzaqlaşmaya səbəb ola bilər".

Ekspert bildirib ki, Azərbaycanın Təhsil haqqında Qanununun 19-cu maddəsində qeyd olunur ki, uşaqlar 6 yaşı tamam olduqda valideynlərinin qərarı ilə məktəbə qəbul oluna bilərlər:

"Lakin bu normativ baza uşağın psixoloji hazırlığını, məktəbəqədər təhsil keçib-keçmədiyini, nitq bacarığını və sosial uyğunlaşma səviyyəsini nəzərə almır. Hazırda bir çox valideynlər məktəbəqədər hazırlıq keçmədən uşağını birbaşa I sinfə yazdırır. Bu isə təməl bacarıqların formalaşmaması, müəllimin əlavə yüklənməsi və sinfin ümumi tempinin zəifləməsi ilə nəticələnir.

Təəssüf ki, Azərbaycan məktəblərində “school readiness” – məktəbə hazır olmaq səviyyəsi – sistemli şəkildə qiymətləndirilmir. Müəllimlər sinifdə həm 5 yaş 10 aylıq, həm də 7 yaşa yaxın uşaqlarla işləməli olur və bu, pedaqoji prosesin balansını pozur. Beynəlxalq təcrübədə, xüsusilə Finlandiya, Estoniya və Almaniyada məktəbə başlama yaşı 7-dir və bu yaşa qədər uşaqlara oyun əsaslı, sosial-emosional inkişafı gücləndirən təhsil verilir. Bu ölkələrdə PISA nəticələrinin yüksək olması da bu sistemin effektivliyini sübut edir".

Onun sözlərinə görə, Azərbaycanda 6 yaşdan məktəbə başlama praktikası davam etdiriləcəksə, bu zaman məktəbəqədər hazırlıq mərhələsi məcburi olmalı, dövlət tərəfindən standartlaşdırılmalı və bütün bölgələrdə əlçatan edilməlidir:

"Eyni zamanda, məktəbdə I sinif dərslikləri və proqramları psixoloji inkişaf səviyyəsinə uyğun yüngülləşdirilməli, oyun əsaslı və vizual öyrənmə metodlarına daha çox yer verilməlidir.

Nəticə olaraq, 6 yaşdan məktəbə başlama qərarı individual olmalıdır, kütləvi şəkildə tətbiq edilməsi uşaqların böyük bir qismini psixoloji və pedaqoji baxımdan risk altına salır. Tədris proqramları dəyişmədiyi, müəllimlər dəstək almadığı, uşaqların hazır olub-olmadığına dair real ölçmə mexanizmləri qurulmadığı halda, bu sistem yalnız statistik məktəbəqəbul göstəricilərini artıracaq, lakin təhsilin keyfiyyətinə xidmət etməyəcək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top