Azərbaycan hərbçiləri "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində iştirak edib

HƏRBİ 30 aprel 2025, 18:41
Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.

Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.

"KURTARAN-2025" sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top