Mehdiyevin bankından sabiq nazirin qardaşının yarım milyonu oğurlanıb — ŞOK CİNAYƏT DOSYESİ

HADİSƏ 24 aprel 2025, 17:36
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi Belarusiya vətəndaşları, 1976-cı il təvəllüdlü Aleksey Ramizoviç Babayev və 1990-cı il təvəllüdlü Sergey Oleqoviç Qrinkeviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hər 2 müttəhimə qarşı  Cinayət Məcəlləsinin 177.4  - xüsusi külli miqdarda oğurluq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın gəldiyi qənaətə görə müttəhimlər məxsus “BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən 800 min manat oğurlayıblar. Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankdan pul və qızıl-zinət əşyalarının sifarişlə oğurlanması, bunun üçün Bakıda xüsusi oğru dəstəsinin gəldiyi bildirlir.

Gununsesi.info-nun xəbərinə görə, təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankda seyf icarəyə götürüb. O, bildirib ki, bu oğurluğu sifarişlə icra edib. Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey Qrinkeviçin sözlərinə görə, ona bu oğurluğu German adlı şəxs sifariş verib. Bakıya öz hesabına gəlsə də, sonrakı xərclərini də o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harada yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib: “Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim, təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə, rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək tapşırılmışdı”.

Sergey Qrinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Cinayət işi üzrə 5 zərərçəkmiş var. Bunlar Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimlidir. Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Onlar şikayətçi olmayıb. Zərərçəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl-zinət əşyası olub. Həmin əşyalar özünə və övladlarına məxsus olub. Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib. Saytımızın araşdırması zamanı məlum olub ki, Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır.  O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib. Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub. Onlar keçmiş Müdafiə Sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub. Qeyd edək ki, “Bank BTB”nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top