Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşmüşüb.
Demokrat.az xəbər verir ki, seçicilərin böyük aktivliyi ilə keçən görüşdə millət vəkili sakinləri maraqlandıran və Milli Məclisdə müzakirə olunan məsələlər barəsində məlumatlandıraraq, onların çoxsaylı suallarını cavablandırıb.
Deputatın Milli Məclisdəki fəaliyyətindən məmnunluq ifadə edilib, əhalini narahat edən məsələləri qabardılaraq həlli üçün konkret təkliflər verdiyinə görə minnətdarlıq edilib.
Görüşdən sonra köməkçi tərəfindən qəbul üçün qeydiyyata alınmış 63 nəfər Quba və qonşu rayonlardan gəlmiş vətəndaşlar onları istəyi nəzərə alınmaqla təkbətək qəbul ediliblər.
İşədüzəlmə, ev tikintisi üçün torpaqların verilməsi, sosıal yardımların təyini, təhsil haqlarının ödənilməsində yaranan problemlər, maliyyə və tikinti mateialları ilə yardımlar, kəndlərdəki su, yol və işıq problemləri, Qarabağ müharibəsı əlillərinə diqqətin artırılması və bu kimi məsələlər araşdırma mövzuları olub.
Operativ həlli mümkün olan məsələlərlə bağlı yerindəcə tədbirlər görülmüş, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək, həll varianları haqqında qərarlar qəbul edilib.
Qəbuldan sonra millət vəkili Quba rayon ictimaiyyəti və Bakıdan gəlmiş tanınmış ziyalıların iştirakı ilə təşkil olunan tədbirdə - əslən Qubalı olan dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illiyinə həsr olunmuş yığıncaqda iştirak edib, öz təbrikini və ürək sözlərini söyləyib.
Növbəti qəbul yeni il qabağı dekabrın sonlarında Quba şəhərində yerləşən ofisində keçiriləcək.