İstədiyimiz vaxt pensiyaya çıxa biləcəyik?

SOSİAL 13 sentyabr 2025, 14:58
Milli Məclisdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr başlayıb və qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olacağı gözlənilir.

Layihənin adının “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun olacağı bildirilir. Hazırda layihə aidiyyatı qurumlar tərəfindən razılaşdırma mərhələsindədir. Bundan əvvəl mətbuatda yayılan məlumatlara görə, yeni qanun vətəndaşlar pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı verəcəl.

Belə ki, vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, İsveçrə, Avstraliyada pensiya təminatının böyük hissəsi özəl fondların üzərindədir. Şərqi Avropa ölkələrindən Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə də dövlət sistemi ilə yanaşı özəl fondlar işləyir.

Belə bir fikir formalaşıb ki, özəl pensiya fondlarının yaradılmasından sonra insanlar istədiyi vaxt pensiyaya çıxa bilər. Ancaq özəl pensiya fondlarının olduğu ölkələrdə sistem belə işləmir.

İqtisadçı Natiq Cəfərli Modern.az-a özəl pensiya fondlarının yaradılacağı təqdirdə baş verə biləcək dəyişikliklər haqqında danışıb.

O qeyd edib ki, Azərbaycanda özəl təqaüd fondlarının yaradılması insanların istədiyi vaxt pensiyaya çıxacaqları mənasına gəlmir: 

“Bu qanun layihəsinin qüvvəyə minməsi ilə vətəndaşların seçim imkanları olacaq. Belə ki, onlar istəsələr dövlət orqanları, istəsələr də özəl təqaüd fonları ilə fərdi müqavilələr bağlayacaqlar. Bizdə hazırda fərdi müqavilə anlayışı yoxdur və hamımız Dövlət Sosial Müdafiə Fonduna məhkumuq. İllərdir bizim də qeyd etdiyimiz seçim imkanlarının yaradılması yaxşı hal kimi qiymətləndirilməlidir”  - deyə N. Cəfərli sonda vurğulayıb.

Beləliklı, özəl pensiya fondları vətəndaşa istədiyi vaxt pensiyaya çıxma imkanı vermir. Dövlət pensiyası üçün yaş həddi qalır və bu məcburidir. Özəl fondlar sadəcə əlavə imkan yaradır: vətəndaş topladığı vəsaiti daha tez istifadə edə bilər, amma bu da müəyyən şərtlərlə mümkündür. Bəzi ölkələrdə minimum yaş və uzunmüddətli iş tələbləri qoyulur, digərlərində isə vaxtından əvvəl vəsaiti götürmək üçün vergilər və cərimələr ödəməli olur. Yəni özəl fondlar insanlara əlavə seçimlər versə də, “istədiyi vaxt pensiyaya çıxmaq” imkanı tam şəkildə reallığı əks etdirmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2025, 14:28
13 sentyabr 2025, 13:27
13 sentyabr 2025, 13:14
Top