"Bunların hamısı inflyasiyanın yüksək olmasının səbəbidir" — İqtisadçı

GÜNDƏM 14 aprel 2025, 18:20
Dövlət Statistika Komitəsi "İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında" məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artıb. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz yüksəlib. 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, Mərkəzi Bank pul siyasətini sərtləşdirib:

“Mərkəzi Bankın proqnozuna görə,  5,5 -6% arası inflasiya olacaq. Ehtiyat normasını 2023-cü ilin dekabrından artırıb. Elə depozit və kredit faizlərinin də artmasının səbəbi budur. Mərkəzi Bank inflasiyaya görə bundan daha sərt pul-kredit siyasətini artırmayacaq. Çünki burada inflasiyanın artmasında Mərkəzi Bank pul-kredit siyasətindən çox təsir göstərən əsas neqativ səbəb hökumətin qərarlarıdır. Tarif Şurası bu ilin yanvarından işığın, qazın qiymətini qaldırdı. Keçən il ilin ikinci yarısından dizel və benzin,  nəqliyyatın qiymətini artırdı. Bunların hamısı inflasiyanın yüksək olmasının səbəbidir. Bu artımlar kənd təsərrüfatı və tikinti məhsullarının maya dəyəri kəskin artırıb. Düşünmürəm ki, Tarif Şurası yenə də prosesi davam etdirsin, qiymətləri artırsın”.

İqtisadçı əlavə edib ki, kifayət qədər sərt qiymət artımlarına gediblər:

“Hökumətin göstərdiyi bütün xidmətlərin qiymətini artırıblar. Hazırda Mərkəzi Bankın da sərt kredit siyasətini keçəcəyini güman etmirəm. Bu ilin yanvar ayından minimum əməkhaqqı da artırılıb. Düzdür, minimum əməkhaqqının artmasına sevinirik, amma bunların hamısı qiymət artıran faktordur. Ötən il orta aylıq minimum əməkhaqqı 8 faiz artıb. Bütün bunlarla yanaşı həm də vergi xərcləri artıb.  Yəni, infliyasiyanın səbəbləri budur. İnfliyasiyanın özü də yeni infliyasiya törədə bilər. İl ərzində infliyasiya 6 % az olmayacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top