“Həci”si olan toy müğənnisindən hər suala cavab almaq olar”

ŞOU-BİZNES 12 aprel 2025, 13:03
“Əgər verilişə dəvət olunan qonaq ciddi müğənnidirsə, istənilən aparıcı ondan ən məhrəm suallara cavab istəyəndə o öz səviyyəsinə uyğun cavab verəcək. Ancaq “həci”ləri vasitəsilə sənətə gələn toy müğənnilərindən hər suala cavab almaq olar.

Bunu “Yeni Sabah”a kulturoloq Aydın Xan Əbilov deyib.

O nə telekanal rəhbərləri, nə də aparıcıları qınayıb:

“Efirdə onların həyatı, davaları, kreditə alınan ev, maşınları da müzakirəyə çıxarılır. Bu məsələdə aparıcıları təqsirləndirmək qeyri-mümkündür. Aparıcı suallardan ibarət müsahibə hazırlayır və bizim vermək istədiyimiz sualları verir. Yəni Azərbaycan tamaşaçısını ciddi sənət məsələləri maraqlandırmadığına görə aparıcı izləyicinin maraqlandığı mövzulara toxunur. 

Aparıcı hər hansı ictimai-sosial sifarişi qonağına ötürüb ondan aldığı cavabları efir vasitəsilə qonaqlara qaytaran bir şəxsdir. O, özündən hoqqa çıxara bilmir. Bəziləri hoqqa çıxarır. Lakin ümumi olaraq, efirdə olan aparıcılar keçmiş diktorların rolunu oynayır. 

Televiziya rəhbərləri onlara hansı göstəriş verərsə, tamaşaçıların marağından irəli gələn tələbat nədirsə, öz verilişlərini də bu qaydada qururlar”.

Ekspert qeyd edib ki, həm cəmiyyət, həm tamaşaçılar, həm də aparıcılar daha ciddi məsələlərə maraq göstərməlidir:

“Təəssüf ki, 30 il ərzində bunu görmədik. Azərbaycan tamaşaçısının səviyyəsi yeniyetmə tiktokerlərin səviyyəsinə enməyə başlayıb. Sosial şəbəkələrin bu məsələdə rolu olduqca böyükdür. Tamaşaçı irihəcmli, ciddi materiallar qəbul etmək istəmir. Bu baxımdan aparıcılardan yox, öz estetik səviyyəmizdən şikayətlənməyik. Səviyyəmiz yüksək olsa, heç bir telekanal risk edib yüksək səviyyəli, efir mədəniyyəti olan tamaşaçıya sarı xəbərləri, “manıs”larla bağlı, heç bir ictimai yükü olmayan məlumatları təqdim etməz”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top